×
A
A
A
Sazlamalar

“Şuşa İli” Strasburqda muğam konserti ilə qeyd olunub

Strasburq, 23 may, AZƏRTAC
Ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyinin və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” və Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi çərçivəsində Strasburqda “Qarabağ” muğam qrupunun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Strasburqun mərkəzində yerləşən Sen Pyer-lö-Jön kilsəsində keçirilmiş konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli” elan edildiyini və bu münasibətlə ölkəmizdə və dünyanın bir çox ölkələrində, eləcə də Avropanın paytaxtı Strasburqda təşkil edilən bu konsert də daxil olmaqla silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Daimi nümayəndə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsinin xalqımızın qürur və şərəf dolu zəfər tarixi olduğunu, hazırda bu qədim şəhərin sürətlə yeni intibah dövrünə qədəm qoyduğunu vurğulayıb. F.İsmayılov təqdim ediləcək musiqi proqramındakı əsrarəngiz mahnıların Qarabağın və Şuşanın xalqımızın zəngin mədəniyyətində çox vacib yer tutduğunu qeyd edib. Eyni zamanda, o, bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-cu ilinin tamam olmasından söz açıb.
Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova Xalq artisti Elçin Haşımov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflər və muğam nümunələrini ifa ediblər.
Həmçinin konsertdə “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova tamaşaçılara “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını təqdim edib.
Musiqi proqramı Sen Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Mədəniyyət 2022-05-23 17:37:00