×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə “Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” adlı beynəlxalq konfrans keçirilir

Xırdalan, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetində Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” mövzusunda beynəlxalq tədbir işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bundan öncə beynəlxalq tədbir Kanada, Hindistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələrdə keçirilib. Konfransa müxtəlif xarici ölkələrdən 70 mütəxəssis və nüfuzlu elm adamı qatılıb.
Konfransın açılış hissəndə çıxış edənlər müstəqillik dövründə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan söz açıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bir çox sahədə olduğu kimi, innovativ mühəndisliyin tətbiqi sahəsində də bölgənin aparıcı dövlətlərindən birinə çevrildiyini vurğulayıblar.
Konfransın ilk dəfədir Azərbaycanda təşkil olunmasının əhəmiyyətinə toxunan natiqlər, bunun gənc alimlərin inkişafına, həmçinin elmi əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcəyini bildiriblər.
Təhsil nazirinin müavini İdris İsayev konfransda dinləniləcək məruzələrin və aparılacaq müzakirələrin materiallar və enerji sahələrində dünya qarşısında qlobal olaraq həllini gözləyən məsələlərin aktuallığını artıracağını bildirib. Enerji amilinin cəmiyyətin inkişafında önəmli yer tutduğunu qeyd edən nazir müavini bu amilin hazırda bir sıra ölkələrin inkişafında əsas strateji rol oynadığını nəzərə çatdırıb.
İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi işlərin görülməsindən, həyata keçirilən layihələrdən bəhs edib, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların sürətli bərpası və artırılmasına, eləcə də su ehtiyatlarından, habelə dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinə toxunub.
Nazirlik rəsmisi 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verildiyini vurğulayıb. O, həmin ərazilərdə su, günəş və külək enerjisi baxımından böyük potensialın olduğunu nəzərə alaraq Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” elan edildiyini, bunun qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsulu olduğunu bildirib.
Tullantıların əmələ gəlməsi, iqlim dəyişikləri, əhali artımı, su hövzələrinin çirklənməsi və ozon qatının dağılması kimi məsələlərin ətraf mühitə təsirindən ətraflı danışan İdris İsayev çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti səlahiyyətlərini icra edən Arif Həşimov Azərbaycanda belə konfransların keçirilməsini elmi-tədqiqatların aparılması baxımından yüksək qiymətləndirib.
Yeni çağırışlardan birinin dayanıqlı sosial iqtisadi inkişaf olduğunu diqqətə çatdıran Arif Həşimov bunu Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindən biri kimi qeyd edib. Akademik dayanıqlı sosial iqtisadi inkişaf konsepsiyasının ekoloji, sosial, iqtisadi komponentlərdən ibarət olduğunu söyləyib və yalnız ekoloji problemlər öz həllini tapdığı zaman dayanıqlı inkişafa nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.
Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Azərbaycanla mövcud olan ikitərəfli, eyni zamanda, beynəlxalq əməkdaşlıqdan söz açıb.
Enerji sahəsində Azərbaycanın uğurlar əldə etdiyini xüsusi vurğulayan səfir ölkəmizin neft və qaz istehsal edən ölkə olduğunu, beynəlxalq enerji bazarında vacib rol oynadığını, bərpaolunan enerjiyə investisiya qoymaqla cəsarətli addım atdığını deyib. Bununla yanaşı, Mərakeşdə böyük günəş elektrik stansiyasının fəaliyyət göstərdiyini qeyd edən diplomat ölkəsinin bərpaolunan enerji sahəsində mühüm işlər gördüyünü vurğulayıb.
Konfransın həmsədri Saghir Ziad tədbirin növbəti il Qahirə şəhərində gerçəkləşəcəyini açıqlayıb. O, konfrans iştirakçılarına Azərbaycanla bağlı gözəl xatirələrinin olacağına əminliyini bildirib.
Lorraine Universitetinin professoru Mohammed El Ganaoui çıxışında materiallar, enerji, iqlim dəyişikliyi məsələləri ilə bağlı fikirlərini paylaşıb.
Sonra konfransda iştirak edən dəvətli mühazirəçilərə sertifikatlar təqdim olunub.
İki gün davam edəcək konfransın bölmə iclaslarında Fransa, Mərakeş, Kanada, Avstraliya, Hindistan və BƏƏ-dən olan alimlər məruzələrlə çıxış edəcəklər.

Regionlar 2022-05-23 17:27:00