×
A
A
A
Sazlamalar

“2914-Biz sülh istəyirdik” kitabının təqdimat mərasimi keçirilib

Bakı, 23 may, AZƏRTAC
Gəncliyə Yadım Fondunda Vasif Qurbanzadənin müəllifi olduğu “2914-Biz sülh istəyirdik” kitabının təqdimat mərasimi və imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Vasif Qurbanzadə tədbirə gələn şəhid analarını, Vətən müharibəsində döyüş yolu keçmiş qaziləri, veteranları və digər qonaqları salamlayaraq, nəşr haqqında ətraflı məlumat verib.
Tədbirdə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, dramaturq Əli Əmirli, yazıçı-publisist Mustafa Çəmənli, şair Rəfail Tağızadə, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi şair Xəyal Rza, qazi-jurnalist Rey Kərimoğlu, jurnalist Səxavət Məmməd və digər söz və qələm ustaları çıxış edib, kitab haqqında rəy və fikirlərini bölüşüblər.
Gələcəyə məktub kimi dəyərləndirilən bu kitab vətən sevdalılarının müharibə dövründəki həyat hekayəsidir. Real hadisələrə əsaslanaraq günbəgün qeydə alınan yaşantılar bədii ifadələrin köməyi ilə elə məharətlə təsvir olunub ki, hadisələr adamı müharibənin içinə aparır.
44 günlük Vətən müharibəsinin xronologiyası, vətən, torpaq sevgisi və 28 illik yurd həsrətinin qələbəylə yekunlaşması, sevincin gizlindəki kədər, müharibənin yaratdığı itkilərlə yanaşı, Zəfərə susamış xalqın Qarabağ üçün ayağa qalxması kövrək çalarlarla təsvir olunub.
Amansız və qanlı döyüş meydanı ilə paralel, mübarizənin heç də az amansız olmayan informasiya məkanında və siyasi müstəvidə də aparılması sözügedən nəşrdə xronoloji qaydada yer alıb. Bu yükü öz üzərinə götürən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin əsaslı faktlara söykənən çıxışları, yerli və xarici mətbu orqanlara verdiyi müsahibələr də kitabda öz əksini tapıb.
Bundan başqa Xalq yazıçısı Çingiz Abdullayevin rus kanallarında düşmən cəbhəsi dəyirmanına su tökənlərə tutarlı cavabları da nəşrdə nəql edilib.

Mədəniyyət 2022-05-23 16:40:00