×
A
A
A
Sazlamalar

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin iştirakçıları müəyyənləşib

Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sumqayıt Regional Mərkəzinin Operativ reaksiya vermə və əməliyyat planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Rafiq Həsənov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodkabinetin metodisti Aslan Həziyev və digər natiqlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış "Kombinə edilmiş yanğın estafeti”, "Maneələr zolağı” və "Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub. Yarışlar ayrı-ayrılıqda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Sumqayıt şəhəri üzrə 43 saylı tam orta məktəbin komandası, Abşeron rayonu üzrə H.Axundov adına Saray qəsəbə 3 saylı tam orta məktəbinin komandası və Xızı rayonu üzrə isə C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbinin komandası I yeri tutaraq "Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində iştirak etmək hüququ qazanıblar.

Regionlar 2022-05-23 16:24:00