×
A
A
A
Sazlamalar

Pekində bir məhəllənin təxminən 5 min sakini kütləvi formada xüsusi karantin yerində yerləşdirilib

Pekin, 23 may, AZƏRTAC

Çin paytaxtı Pekində COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində Çaoyanq rayonundakı Nansinyüən məhəlləsinin 4 min 979 sakini kütləvi formada xüsusi karantin yeri kimi ayrılmış 57 mehmanxanaya yerləşdirilib.
AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, səbəb mayın 12-dən qapalı rejimdə yaşayan həmin məhəllədəki 8 binada 26 nəfərin COVID-19 virusuna yoluxmasıdır. Sakinlər ən azı bir həftə karantin yerində qalmalıdır. Əgər təcrid dövründə sakinlər arasında yeni yoluxmalar aşkarlanarsa, karantin müddəti uzadılacaq. Mehmanxana nömrələrində sakinlər tək qalır. Amma ahıl, uşaq və hamilələrin yaxın ailə üzvü ilə birlikdə qalmasına icazə verilib.
Qeyd edək ki, aprelin 22-dən etibarən Pekində virusa yoluxmaların çoxalması fonunda epidemik vəziyyət gərginləşib. Mayın 1-dən etibarən isə Pekində sərt karantin rejimi tətbiqinə başlanılıb. Sonradan karantin rejimi bir neçə dəfə sərtləşdirilib, yeni qadağa və məhdudiyyətlərin tətbiqinə başlanılıb. Hazırda orta məktəblərdə dərslər distant formada təşkil olunur, kafe və restoranlar yalnız “al-apar” xidməti göstərir, əyləncə və mədəniyyət mərkəzləri, o cümlədən kinoteatr və muzeylər, qalereyaların, idman zallarının, parklar, ticarət mərkəzləri bağlıdır. Virusla mübarizə tədbirləri çərçivəsində demək olar ki, hər gün kütləvi test prosesi aparılır. Test verilməsi könüllü xarakter daşısa da, bəzi məkanlara, o cümlədən dövlət qurumlarına, ictimai məkanlara və ofis binalarına girişdə son 48 saat, bəzilərində isə son 24 saat ərzində verilmiş koronavirus testinin neqativ nəticəsi tələb olunduğu üçün sakinlər mütləq qaydada test verməyə vadar olur. Yoluxmalar aşkarlanan 5 rayonda – Çaoyan, Fentay, Şunyi, Fanşanda sakinlərin evdən işləməsi tövsiyə olunub. Hazırda şəhərdəki 10 yüksək və 25 orta riskli zonanın sakinləri “evdə qal” rejimində yaşayır. Həmin ərazilərdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb, habelə taksi və çatdırılma xidmətləri göstərilmir.
Ötən sutka Pekində 63 yoluxma qeydə alınıb. Yoluxmaların 58-i xüsusi karantin yerində saxlanılanlar, 5 nəfəri isə yaşayış məhəllələrinin sakinləri arasında aşkarlanıb. Əslində 21 milyon sakini olan Pekində sutkalıq yoluxma göstəricisi ikirəqəmli ədədlə ifadə olunsa da, “Sıfır virus” siyasətinin tətbiq olunduğu Çində yoluxuculuq qabiliyyəti yüksək olan “omikron” ştamının sürətlə yayılma ehtimalı narahatlıq doğurur. Pekinin səlahiyyətli qurumları şəhərdə gizli yoluxmaların olmasını istisna etmir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-05-23 16:11:00