×
A
A
A
Sazlamalar

Azərbaycan karateçiləri Türkiyədə Avropa çempionatında iştirak edəcəklər

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan karateçiləri Türkiyəyə yollanıblar.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaziantep şəhərində böyüklər arasında keçiriləcək Avropa çempionatının medalları uğrunda 22 karateçimiz mübarizə aparacaq. Onlardan 11-i fərdi kumite və kata yarışlarına, 6-sı komanda çıxışlarına, 5-i isə parakarate üzrə Avropa çempionatına qatılacaq.
Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmovdan əlavə, baş məşqçilər və böyük məşqçilər, həmçinin beynəlxalq hakimlər və inzibati-texniki heyət yer alıb. Kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov çempionatın fərdi yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlıya (+84 kq) şans verəcək. Komanda yarışlarında ölkəmizi Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət heyət təmsil edəcək.
Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov turnirdə İnci Əzizova (50 kq), Mədiə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxış etmələrinə üstünlük verib. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərovu, komanda çempionatında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyəti tatamiyə çıxaracaq.
Parakarate üzrə milli komandanın baş məşqçisi Rənad Əliyev Sahib Əhədov, Eldar Əhmədov, Fərrux Qaybaliyev, Emiliya Mitilinova və Nihat Məmmədzadəyə güvənib. Beynəlxalq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının hakimləri arasında olacaqlar.
Türkiyədə böyüklərin Avropa çempionatında 45 ölkədən 454 karateçi, parakarateçilərin qitə çempionatında isə 15 ölkədən 48 idmançı mübarizə aparacaq. Yarışdan bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçiriləcək. EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov və Azərbaycan nümayəndə heyəti mötəbər tədbirdə iştirak edəcəklər.

 

İdman 2022-05-23 15:26:00