×
A
A
A
Sazlamalar

ÜST: Dünyanın təqribən 70 ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur

Bakı, 23 may, AZƏRTAC

Dünyanın təqribən 70 ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur. Bu, dünyada koronavirus testlərindən keçmənin azalması fonunda baş verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyasının açılışında bildirib. O, infeksiyanın yayılmasını dayandırmaq məqsədilə bütün dövlətləri əhalisinin azı 70 faizinin COVID-19 əleyhinə peyvəndlə əhatə olunmasına və koronavirus əleyhinə sanitar məhdudiyyətlərinin yenidən tətbiq edilməsinə hazır olmağa çağırıb.
ÜST başçısı deyib: “Bütün regionlarda yerləşən təqribən 70 ölkədə COVID-19 virusuna yoluxma hallarında artım müəyyən edilib və bu, dünyada koronavirus testindən keçmənin azaldığı bir vaxtda baş verir”. Gebreyesus COVID-19 səbəbindən ölüm hallarının sayının 2020-ci ilin martından bəri ən aşağı səviyyədə olmasına baxmayaraq, Afrikada bu göstəricinin artmasına diqqət çəkib. O vurğulayıb ki, koronavirus “hər addımda sürpriz bəxş edir və onun yayılma istiqamətini və intensivliyini qabaqcadan öyrənmək hələ də mümkün deyil”.
Baş direktor bütün ölkələri əhalisinin azı 70 faizinin peyvəndlənməsinə nail olmağa çağırıb. Bununla yanaşı, Gebreyesus hesab edir ki, əhalinin həssas qrupları – tibb işçiləri, yaşı 60-dan yuxarı və səhhətində problem olan şəxslər 100 faiz peyvəndlənməlidir. Hazırda 70 faiz göstəriciyə yalnız 57 dövlət nail olub, dünyada bu göstəricinin orta səviyyəsi 60 faiz təşkil edir. “Biz bütün ölkələri COVID-19 virusunun yayılmasına qarşı tədbirlərin səhiyyə sahəsində təkrar tətbiqinə, zərurət yaranarsa sosial tədbirlərin də uyğunlaşdırılmasına hazır olmağa səsləyirik”, - deyə ÜST-nin baş direktoru qeyd edib. Onun sözlərinə görə, dünyada vaksinlə təminatın vəziyyəti yaxşılaşıb, lakin “bəzi ölkələrdə vaksinlənmənin aparılmasına siyasi bağlılığın lazımi səviyyədə olmaması müşahidə olunur”.

Sağlamlıq klubu 2022-05-23 15:08:00