×
A
A
A
Sazlamalar

Böyük Britaniyada meymun çiçəyinə yoluxan şəxslərin 21 gün ərzində təcrid olunmaları tələb edilir

London, 23 may, AZƏRTAC
Böyük Britaniyada meymun çiçəyinə (Monkeypox) yoluxan şəxslərin özlərini 21 gün ərzində təcrid etmələri tələb olunur.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi tərəfindən verilən açıqlamada bildirilib ki, bu qayda virusa yoluxan şəxslərlə əlaqədə olanlara da aid edilir.
Həmçinin həmin şəxslərdən səyahət etməmələri, immuniteti zəif insanlar, hamilə qadınlar və 12 yaşdan kiçik uşaqlarla əlaqə qurmaqdan uzaq olmaları məsləhət görülür.
Meymun çiçəyi xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir. İlk olaraq meymunlarda tapılan xəstəlik, insanlar arasında asanlıqla yayılmağa meyilli deyil, ancaq yaxın fiziki təmas yolu ilə ötürülə bilər.
Mərkəzi və Qərbi Afrika ölkələrindən kənarda nadir hallarda müşahidə edilən meymun çiçəyi virusu Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb. Böyük Britaniyada 20 nəfər meymun çiçəyinə yoluxub.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

 

 

 

 

 

 

Dünya 2022-05-23 14:52:00