×
A
A
A
Sazlamalar

Macarıstan Aİ-nin dəstəyi ilə Rusiya nüvə yanacağını Amerika məhsulu ilə əvəz edəcək

Budapeşt, 23 may, AZƏRTAC

Avropa Komissiyası Avropa İttifaqının üzvü olan dövlətlərin Rusiyadan neft və qaz idxalından imtina etməsi nəticəsində həmin ölkələrin iqtisadiyyatı üçün yaranan neqativ nəticələri aradan qaldırmağı kömək edəcəyinə söz verib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi proqrama əsasən, Avropa Komissiyası həm də atom elektrik stansiyalarının Rusiya nüvə yanacağını müvafiq Amerika məhsulu ilə əvəz etməyə texniki dəstək göstərməyi vəd edib.
Avropa İttifaqının Rusiyadan enerji asılılığına 2027-ci ilin sonuna qədər son qoymaq üçün Avropa Komissiyası tərəfindən təqdim edilmiş plan çərçivəsində Komissiya Avropa İttifaqının üzvü olan ölkələrin başqa mənbələrdən yanacaq ala bilməsi üçün onlara texniki yardım göstərəcək.
Belə stansiyalardan biri Macarıstandakı “Pakş” atom elektrik stansiyasıdır.
Aİ üzvü olan beş ölkədə (Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan və Finlandiya) Rusiya mənşəli xammal ilə işləyən atom elektrik stansiyaları nüvə yanacağını hazırda “Rosatom” şirkətinin törəmə müəssisəsindən almağa məcburdur. “Portfolio” nəşrinin verdiyi məlumata görə, Amerikanın Vestinqhaus şirkəti həmin atom elektrik stansiyalarının başqa mənbələrdən nüvə yanacağı tədarük edə bilmələri üçün nizamlayıcı orqanlardan icazə almağa çalışdığını bildirib.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hələlik nüvə yanacağı tədarükünə şamil edilmir, lakin yanacaq daşıyan Rusiya təyyarələrinin Aİ-nin hava məkanına daxil olması qadağan edilib. Bundan əlavə, Ukraynada vəziyyətin kəskinləşməsi dəmiryol nəqliyyatının işində fasilələr yaranmasına səbəb olub. Buna baxmayaraq aprel ayının əvvəllərində içərisində nüvə yanacağı olan Rusiya təyyarəsi Macarıstanda eniş edib. Ola bilsin ki, Slovakiya da Macarıstana gəlmiş yükdən öz yanacaq ehtiyatlarını artırıb.
“Pakş” atom elektrik stansiyasının nümayəndələri bildiriblər ki, onlar uzun müddət üçün kifayət qədər Rusiya yanacaq ehtiyatları tədarük etmələrinə baxmayaraq nüvə yanacağı tədarükünü şaxələndirməyə çalışırlar. Macarıstan qanunlarına əsasən, bu stansiyalar ən azı iki il əvvəldən yanacaq tədarük etməyə borcludurlar və ola bilsin bu məqsədlə aprel ayında Rusiyadan “Pakş” atom elektrik stansiyasına yanacaq gətirilib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2022-05-23 12:53:00