×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti Yaponiyaya BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun verilməsini təklif edib

Tokio, 23 may, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden BMT-də islahatlar çərçivəsində Yaponiyaya BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun verilməsini təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 23-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Co Bayden bu fikri Yaponiya hökumətinin başçısı Fumio Kişida ilə görüşdə səsləndirib.
Eyni zamanda, ABŞ liderinin Yaponiyanın müdafiə qabiliyyətini gücləndirmək səylərini dəstəklədiyi də qeyd edilir. Co Baydenin Yaponiyanın Baş nazirinin Ukraynadakı vəziyyətlə əlaqədar hərəkətlərini təqdir etdiyi də vurğulanır.
Xatırladaq ki, Fumio Kişida martın 13-də hakim Liberal Demokratik Partiyanın qurultayında Ukraynada yaranmış vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb.
Ötən ay isə hakim partiya hökumətə ölkənin müdafiə xərclərini artırmaq və onu ÜDM-nin 2 faizi həcminə çatdırmaq təşəbbüsü ilə müraciət edib.
Qeyd edək ki, Yaponiya son illər KXDR-in nüvə və raket sınaqları, həmçinin regionda baş verən digər proseslər fonunda müdafiə xərclərini durmadan artırır. 2022-ci ilin aprelində başlamış yeni maliyyə ilində bu məqsədlə ayrılan büdcə vəsaiti əvvəlki illə müqayisədə təqribən 50 milyard yen artaraq 5,37 trilyon yen (41,9 milyard dollar) təşkil edib ki, bu da rekord göstərici hesab edilir.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

Dünya 2022-05-23 11:57:00