×
A
A
A
Sazlamalar

ABŞ və Yaponiya liderləri Tokioda iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər

Tokio, 23 may, AZƏRTAC
Mayın 23-də Tokioda bir araya gələn Yaponiya və ABŞ liderləri iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida ABŞ Prezidenti Co Baydeni Tokioda salamlamaqdan məmnun olduğunu bildirib. Baş nazir deyib: “Mən sizin Yaponiyaya bu səfərinizi ürəkdən salamlayıram. Bu səfər ABŞ-ın Hind-Sakit okean regionunda istənilən şəraitdə mövqelərini gücləndirmək niyyətində olduğunu bir daha təsdiq edir”.
ABŞ və Yaponiya liderlərinin Hind-Sakit okean regionunda sülhü və sabitliyi qorumaq üçün əməkdaşlığı gücləndirmək niyyətində olduqları gözlənilir.
Baş nazirin və ABŞ Prezidentinin jurnalistlərlə qısa söhbət etdiyi də qeyd edilir. Həmin gün iki ölkə liderinin mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Səmimi qəbula görə minnətdarlığını bildirən ABŞ Prezidenti Yaponiyada olmaqdan məmnun olduğunu bildirib: “Mən burada sizinlə birlikdə olmaqdan və Yaponiya ilə ABŞ-ın müttəfiqlik münasibətlərindən yalnız regionda deyil, həmçinin bütün dünyada müsbət hal kimi istifadə etməsi barədə müzakirəni davam etdirməkdən məmnunam. ABŞ və Yaponiya münasibətləri artıq uzun müddətdir ki, Hind-Sakit okean regionunda sülhün və inkişafın təməl daşını təşkil edir. ABŞ əvvəllər də olduğu kimi, Yaponiyanın müdafiəsinə sadiqdir və biz birlikdə bu günün və gələcəyin çağırışlarına cavab verməyə hazırıq”.
ABŞ Prezidenti əlavə edib ki, bu gün biz Asiya-Sakit okean regionunda iqtisadi və ticari tərəfdaşlıq barədə çoxtərəfli çərçivə sazişi ilə çıxış edəcəyik. Bu saziş bizim region ölkələri ilə əməkdaşlığımızı genişləndirməyi və Hind-Sakit okean regionunun sakinlərinə konkret fayda gətirmək məqsədi daşıyır.
Co Baydenin Ukraynanı dəstəklədiyinə görə Fumio Kişidaya təşəkkür etdiyi də bildirilir.
ABŞ Prezidentinin həmin gün Yaponiya İmperatoru Naruhito ilə Tokio sarayındakı iqamətgahında görüşdüyü də qeyd edilir. Bildirilir ki, Co Bayden qəbulda iki ölkə vətəndaşları arasında dərin əlaqələrə əsaslanan ABŞ-Yaponiya münasibətlərinin möhkəmliyini vurğulayıb.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

Dünya 2022-05-23 11:53:00