×
A
A
A
Sazlamalar

Birinci sinif şagirdinin ehtiyatsızlıqdan ölümünə səbəb olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 23 may, AZƏRTAC

Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin birinci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun cari il fevralın 8-də təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Cəlilabad Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Hadisə 2022-05-23 11:31:00