×
A
A
A
Sazlamalar

Göyçayda yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub

Bakı, 23 may, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin əvvəllər də törətdiyi ağır cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Ürfan Osmanov olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 10 kiloqrama yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb. Ü.Osmanov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2022-05-23 11:19:00