×
A
A
A
Sazlamalar

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti CEV-in plenar iclasında iştirak edib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, CEV-in İdarə Heyəti bu ilin ikinci toplantısını Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirib.
Yığıncaqda Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça, CEV prezidenti Aleksandr Boriçiç və CEV-in İdarə Heyətinin üzvləri iştirak ediblər.
İclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib. O, çıxışı zamanı FIVB-nin prezidentinin iclasda iştirakından məmnun olduğunu qeyd edib. Boriçiç bildirib ki, konfederasiyanı qarşıda gərgin yarışlar və böyük layihələr gözləyir: “CEV-in İdarə Heyətinin hər bir üzvü həmişə voleybolun inkişafı üçün çalışıb və yenə də əlimizdən gələni etməliyik”.
FIVB-nin prezidenti Avropada və dünyada milli federasiyalara göstərilən dəstəyi vurğulayıb: “Biz 2017-ci ildən bəri Avropanın 56 federasiyasının 3 milyon İsveçrə frankından çox olan 110 layihəsini təsdiqləmişik. Bu ümumilikdə 521 layihənin bir hissəsidir və ümumi sərmayəsi 11 milyon frankdan çoxdur”.
A.Qraça, A.Boriçiç və CEV-in İdarə Heyətinin üzvləri mayın 22 -də Lyublyana şəhərində keçirilən qadınlar və kişilər arasında Çempionlar Liqasının final oyunlarını izləyəcək və mükafatlandırma mərasimində iştirak edəcəklər.
Qadınların yarışında “Konegliano” (İtaliya) “VakifBank”la (Türkiyə), kişilərin yarışında isə ZAKSA (Polşa) “Trentino” (İtaliya) ilə üz-üzə gələcək.

İdman 2022-05-22 22:45:00