×
A
A
A
Sazlamalar

Şirvanda “Peşələr festivalı” təşkil olunub VİDEO

Şirvan, 22 may, Aydın Yavərzadə, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq keçirilən “Peşələr festivalı” növbəti dəfə Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhər mərkəzində Heydər Əliyev meydanında təşkil olunub.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, festivalda agentliyin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər. Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlandırılması və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib. Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə təşkil edilən festivallarda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və digər məlumatlar əldə edəcək, peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazanacaqlar. Sonra qonaqlar və iştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib. Festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək göstərilib.
Tədbirdə iştirakçılar düzgün peşə seçimi, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları barədə məlumatlandırılıb və iştirak edən hər bir gəncə gələcək peşə seçimlərində uğurlar arzulanıb.

Regionlar 2022-05-22 05:23:00

Video