×
A
A
A
Sazlamalar

Qəbul imtahanlarında 1000-ə yaxın abituriyent iştirak edib

Naxçıvan, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən üçüncü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi ölkəmizin bir sıra bölgələrində, o cümlədən Naxçıvanda da keçirilib. Bütün binalarda saat 11:00-da başlayan imtahan 3 saat davam edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada təşkil olunan imtahan Naxçıvan şəhər 5, 11, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib. Abituriyentlərə hər fənn üzrə 22-si qapalı, 8-i isə açıq tipli olmaqla, cəmi 30 test tapşırığı təqdim olunub. Açıq formada olan tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan mətn əsasında hazırlanan, digərləri isə hesablama, seçim, xronologiya və uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
Qeyd edək ki, mayın 22-də ikinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbulun ikinci mərhələsi və üçüncü ixtisas qrupunun TC altqrupuna sənəd verən abituriyentlərin coğrafiya fənni imtahanı keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün isə respublika üzrə 22 min 878, Naxçıvan üzrə isə 983 abituriyent qeydiyyatdan keçib.

Regionlar 2022-05-21 19:48:00