×
A
A
A
Sazlamalar

BMT-də pandemiya şəraitində insanların səfərlərinə ümumi yanaşmalar müzakirə edilir

Bakı, 21 may, AZƏRTAC

Sərhədlər açılır, insanlar yenidən səyahətə çıxırlar. Bununla belə, COVID-19 pandemiyası hələ də davam edir. Buna görə də bir çox ölkələr test və vaksinasiya ilə bağlı məsələlər də daxil olmaqla, müxtəlif növ məhdudiyyətləri qüvvədə saxlayırlar.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT-də bütün dünyada bu cür tədbirlərin uyğunlaşdırılması məsələləri müzakirə edilib.
“Səfərlər üçün imkanların genişləndirilməsi ilə bağlı ümumi tendensiyaya baxmayaraq, insanların daşınmasının təşkili prosesi son dərəcə qeyri-bərabər, qeyri-müntəzəm və koordinasiyasız olaraq qalır”, - deyə Miqrasiya Siyasəti İnstitutunun (MSİ) prezidenti Endryu Seli BMT-nin Miqrasiya İcmalı Forumunda bildirib.
O əlavə edib ki, bu gün testlərlə bağlı ümumi standart tələblər və vaksinasiya statusunun təsdiqlənməsi üçün qəbul edilmiş ümumi transsərhəd alətlər, sərhəddən keçən zaman yoluxma risklərinin qarşısının alınması üçün səmərəli metodların nədən ibarət olduğuna dair ümumi anlayış mövcud deyil.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Miqrasiya Siyasəti İnstitutunun (MSİ) birgə təşkilatçılığı ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), hökumət və qeyri-hökumət tərəfdaşları ilə birgə Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən tədbirdə sağlamlıq nöqteyi-nəzərdən təhlükəsizliyinin təmin edilməsi proqnozlaşdırılan transsərhəd mobilliyi tarazlaşdıracaq kursun hazırlanması zərurəti müzakirə edilib.
Miqrasiya və hərəkət proseslərindəki fərqlərə baxmayaraq, görüş iştirakçıları yanaşmaların uyğunlaşdırılmasına nail olmaq, sərhəd nəzarəti üçün rəqəmsal və fiziki infrastrukturun yaradılması, investisiyaların artırılmasının zəruriliyi ilə bağlı yekdil fikir bildiriblər.
BMqT-nin Baş direktoru Antonio Vitorino, MSİ-nin prezidenti Endryu Seli və iclasın bir neçə digər iştirakçısı transsərhəd mobilliyi və pandemiyalara hazırlıq dərəcəsini müzakirə etmək üçün “Dostlar Qrupu”nun yaradılmasını dəstəklədiklərini bildiriblər. Onlar hesab edirlər ki, Beynəlxalq Tibbi Sanitariya Qaydalarını tamamlamaq və yeni pandemiya müqaviləsinə dair danışıqları dəstəkləmək də vacibdir.
"Əgər belə ümumi səylər göstərilməsə, gələcəkdə miqrasiyanın daha da seqmentləşəcəyi riski artacaq, bunun nəticəsində COVID-19-dan sonra bərpa templərində artıq aşkar olan fərqlər daha da dərinləşəcək. Nəticədə daha az inkişaf etmiş ölkələr geridə qalacaq", - deyə Antonio Vitorino bildirib. Deyib ki, bu, öz növbəsində gələcək iqtisadi və sosial inkişafı ləngidə bilər.

Dünya 2022-05-21 20:03:00