×
A
A
A
Sazlamalar

Cavid Osmanov: ABŞ-ın Azərbaycanla əlaqələrə böyük dəyər verməsi dövlətimizin başçısının yüksək şəxsi nüfuzu ilə bağlıdır

Bakı, 21may, AZƏRTAC
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, düşünülmüş, eyni zamanda, Azərbaycanın milli maraqlarına xidmət edən siyasəti nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər onun hərtərəfli güclü dövlət olduğunu bütün dünyaya sübut etdi. Dünya ölkələri isə hər zaman güclü dövlətlərlə əməkdaşlıqda maraqlı olurlar. ABŞ Prezidenti Cozef Baydenin 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu deyilənləri bir daha sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov söyləyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası sayəsində Azərbaycanın iqtisadi imkanlarının artması ölkəmizin beynəlxalq aləmdə çox sayda tərəfdaş qazanmasına səbəb olub. Azərbaycan Avropanın və dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır. Bu da öz növbəsində ölkəmiz, eləcə də regionda sabitlik və təhlükəsizliyinin təmin olunması üçün müstəsna əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan enerji mənbələrinin şaxələndirilməsi istiqamətində çox ciddi işlər həyata keçirir və bu məsələdə beynəlxalq investorların iştirakı təmin edilir.
Artıq Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb və dünya ölkələri məhz bu səbəbdən ölkəmizlə davamlı əməkdaşlığa maraq göstərirlər. Hər bir sahədə olduğu kimi, ölkəmizin enerji siyasəti də müstəqildir və dövlətin milli maraqları bu sahədə də ən ali səviyyədə təmin edilir.
C.Osmanov qeyd edib: “ABŞ Prezidentinin məktubunda da biz bu məqamların şahidi oluruq. Belə ki, Cozef Bayden 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa diqqət çəkərək yüksək dəyər verir.
Azərbaycan uzun illər işğaldan əziyyət çəkmiş və işğalla barışmayan bir ölkədir. Məhz bu səbəbdən də Azərbaycan başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, işğalçılıq siyasətini dəstəkləmir. ABŞ Prezidentinin məktubunda məhz bu məqamlara diqqət çəkilir. Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstək və göstərdiyi humanitar yardım yüksək qiymətləndirilir. Azərbaycan dövləti bütün dünyada sülh və sabitliyin bərqərar olmasında maraqlı ölkə olduğu üçün terror və təhdidlərə qarşı barışmaz mövqedədir. Ölkəmiz hər zaman terrorizmə qarşı qlobal mübarizəyə mühüm töhfələr verir”.
Co Baydenin bu istiqamətdə Azərbaycanın fəaliyyətini də yüksək qiymətləndirdiyini və təqdir etdiyini diqqətə çatdıran C.Osmanov bildirib ki, ölkəmizin yaratdığı yeni reallıqlar ABŞ Prezidenti tərəfindən də qəbul edilir. Hazırkı vəziyyət Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilir.
“Cozef Baydenin təbrik məktubunda qeyd edilən fikirlərdən bəlli olur ki, ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Transxəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Məhz bu səbəbdən ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, ölkəmizin iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir. Dünyada cərəyan edən ciddi proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerika Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Təbii ki, bu da Azərbaycan dövləti tərəfindən aparılan düşünülmüş xarici siyasətin bəhrəsi və ölkəmizin bütün ölkələrlə dostluq münasibətlərində olmasının göstəricisidir”, - deyə deputat qeyd edib.
Deputatın sözlərinə görə, ABŞ-ın ölkəmizlə münasibətləri genişləndirmək istəyinin olması bir daha sübut edir ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Sözsüz ki, bu, Azərbaycanın uğurudur. Ölkəmiz isə bu uğurlara Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində imza atır. ABŞ Prezidenti tərəfindən Azərbaycana verilən böyük dəyər də məhz Azərbaycan Prezidentinin yürütdüyü siyasətdən qaynaqlanır. ABŞ-ın Azərbaycanla əlaqələrə böyük dəyər verməsi, eyni zamanda, dövlətimizin başçısının beynəlxalq aləmdə yüksək şəxsi nüfuzu ilə əlaqədardır.

Siyasət 2022-05-21 20:00:00