×
A
A
A
Sazlamalar

Naxçıvanda yeni avtomat telefon stansiyaları quraşdırılır

Naxçıvan, 21 may, AZƏRTAC

Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda əhalinin, həmçinin yeni inşa edilən fərdi yaşayış evlərinin sayının artması yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktuallaşdırır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tələbatın ödənilməsi məqsədilə yeni nəsil avadanlıqlar quraşdırılır, mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılır, bir sıra yerlərdə aztutumlu avtomat telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə dəyişdirilir. Bu məqsədlə 256 nömrə tutumuna malik yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyası Naxçıvan şəhərinin Qaraçuq kəndində, 256 nömrəlik yeni avtomat telefon stansiyası Babək rayonunun Nehrəm qəsəbəsində və 448 montaj tutumlu yeni avtomat telefon stansiyası isə Şahbuz şəhərinin “Bakı” küçəsində quraşdırılır.
Avtomat telefon stansiyalarının yerləşdiyi ərazidə artıq dəmir-betonlama işləri görülüb, yeraltı fiber-optik xətlər inşa olunub, kabel-kanalizasiya qurğularından borular vasitəsilə çəkilərək həmin ərazidə yeni rabitə infrastrukturunun qurulmasına şərait yaradılıb. Həmçinin yeni paylayıcı şkaflar quraşdırılıb, istismara yararsız rabitə xətləri yeniləri ilə əvəz edilib, yeni abonent qutuları əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar bərpa olunub. Avtomat telefon stansiyaları quraşdırıldıqdan sonra ətrafı mühafizə üçün çəpərlənəcək.
Qeyd edək ki, NGN texnologiyası əsasında quraşdırılan avtomat telefon stansiyaları strukturuna görə daha sadə və səmərəli şəbəkə konfiqurasiyasına malik ən müasir telekommunikasiya sistemidir. Bu isə istifadəçilərə telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksəksürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri təqdim edir.

Regionlar 2022-05-21 19:29:00