×
A
A
A
Sazlamalar

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin nümayəndələri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasının iştirakçıları mayın 21-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyublar. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.
Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Sonda Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç xatirə dəftərini imzalayıb.
Ziyarət zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər müşayiət ediblər.

Siyasət 2022-05-21 18:49:00