×
A
A
A
Sazlamalar

İspaniya meymun çiçəyi xəstəliyinə yoluxma halının ən çox qeydə alındığı ölkədir

Madrid, 21 may, AZƏRTAC

İspaniyanın Səhiyyə Nazirliyi meymun çiçəyi xəstəliyinə 30 yoluxma halının qeydə alındığını bildirib.
AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına əsasən, İspaniya artıq onlarla ölkəni əhatə edən bu xəstəliyə ən çox yoluxma halının qeydə alındığı ölkədir.
Mütəxəssislər yaxın günlərdə bu virusa yoluxma hallarının sayının artacağını proqnozlaşdırırlar.
Madrid icmasının məlumatına görə, paytaxtda meymun çiçəyi diaqnozu qoyulan xəstələrin demək olar ki, hamısı orta yaş həddi 35 olan kişilərdir.
Meymun çiçəyinə yoluxma hallarının sayına görə İspaniyadan sonra Portuqaliya (20 hadisə), Böyük Britaniya (10), Kanada (2) dayanır.
Harvard Universitetinin tibb professoru və epidemioloq Con Braunşteynin sözlərinə görə, ABŞ, Almaniya, İsveç, İtaliya, Avstraliya, Fransa və Belçikada bir yoluxma halı qeydə alınıb.
Meymun çiçəyi Afrika qitəsinin cəngəlliklərində endemik virusun yaratdığı xəstəlikdir və əsasən bəzi məməlilər (meymunlar, gəmiricilər) tərəfindən insanlara yoluxduğu ehtimal edilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəlik dəridə səpkilərə və qaşıntılara səbəb olur. Afrikada baş verən epidemiyalar zamanı ölüm halları xüsusilə gənclər və uşaqlar arasında 10 faizə qədər qeydə alınıb.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2022-05-21 19:08:00