×
A
A
A
Sazlamalar

Muxtar respublikada ətraf mühitin qorunmasına diqqət göstərilir

Naxçıvan, 21 may, AZƏRTAC

Muxtar respublikada aparılan məqsədyönlü ekoloji siyasət, bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini verib. Sevindirici haldır ki, bu gün insanlar təbiətin mühafizəsinə daha həssaslıqla yanaşır, yaşıllıqların qorunmasına xüsusi diqqət göstərirlər.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş elmi konfransda vurğulanıb. Konfrans bölmənin Bioresurslar İnstitutunun, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda çıxış edən Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov Azərbaycanda, eləcə də muxtar respublikada xüsusi mühafizə olunan ərazilər haqqında məlumat verərək bildirib ki, Naxçıvanda heyvanların qanunsuz ovlanmasına qoyulan qadağalar sayəsində muflonların və bezoar keçilərinin sayında artım müşahidə edilib, yaranan bol qida ehtiyatı ilə əlaqədar Qafqaz bəbirində nəsil artımı qeydə alınıb. Bu, görülən məqsədyönlü tədbirlərin uğurlu nəticəsidir.
AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov çıxışında bildirib ki, ölkəmizin sahib olduğu zəngin biomüxtəliflik onun özünəməxsus landşaft xüsusiyyətlərindən qaynaqlanır. Biomüxtəlifliyin qorunmasının bioloq və zooloqlar qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdıran alim flora və faunamızın öyrənilməsi ilə bağlı görülən tədbirlərdən, nəzərdə tutulan işlərdən söz açıb. Qeyd olunub ki, elmi tədqiqat müəssisələri və ölkə alimləri arasında inkişaf edən əməkdaşlıq gələcək uğurlardan xəbər verir.
Bölmənin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin baş elmi işçisi, akademik Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyinin bəzi nadir növləri” haqqında məruzə edib. Məruzəsində Azərbaycanın, onun ayrılmaz parçası Naxçıvanın olduqca zəngin bitki və heyvanat aləminə sahib olduğunu dilə gətirən akademik nəsli kəsilmək üzrə olan növlərin qorunmasına, bu problemin aradan qaldırılması məsələsinə diqqət çəkib. Vurğulayıb ki, 2001-ci ildən heyvanların qanunsuz ovuna qadağanın qoyulması biomüxtəlifliyin qorunması ilə bağlı atılan təqdirəlayiq addımdır. Son dövrlər xüsusi qorunan çöl heyvanlarının sayında müşahidə olunan artım məhz bu uzaqgörənlik sayəsində mümkün olub.
“Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması yolları” ilə bağlı məruzəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Kamran Əliyev bu istiqamətdə görülən işlərdən, ətraf mühitin mühafizəsi sahəsində aparılan ekoloji maarifləndirmə tədbirlərindən söz açıb. Məruzəçi muxtar respublika ərazisində milli park, qoruq və yasaqlıqların yaradılmasını təbiətə göstərilən qayğının təzahürü kimi qiymətləndirib.
Sonra bölmənin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramovun “Naxçıvan Muxtar Respublikası faunasının onayaqlı xərçəng növləri”, həmin institutun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi – petrofil (qaya-töküntü) bitkiliyi”, Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının dosenti Fəridə Səfərovanın “Naxçıvan Muxtar Respublikası florasında Badımcankimilər fəsiləsinin zəhərli növləri” adlı məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-05-21 17:55:00