×
A
A
A
Sazlamalar

Beynəlxalq İnsan Resursları Günü münasibətilə üç tədris proqramı üzrə məzunların təltifolunma mərasimi keçirilib

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycan HR İnstitutu tərəfindən “Hilton Baku” otelində Beynəlxalq İnsan Resursları Günü və üç tədris proqramı üzrə - İnsan resursları üzrə milli sertifikasiya, İnsan resursları üzrə metriklər və hesabatlılıq və əmək qanunvericiliyi və kadr kargüzarlığı məzunlarının təltifolunma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov və insan resursları sahəsi üzrə peşəkar mütəxəssislər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Avropa İnsan İdarəedilməsi Assosiasiyasının prezidenti Even Bolstad canlı bağlantı ilə tədbirə qoşulub və Beynəlxalq İnsan Resursları Günü və tədris proqramları ilə bağlı öz təbriklərini Azərbaycan HR İnstitutunun üzvlərinə çatdırıb.
Xatırladaq ki, Beynəlxalq İnsan Resursları Günü Avropa İnsan İdarəedilməsi Assosiasiyası tərəfindən insan resursları peşəsinin əlamətdar gün kimi tanınması məqsədilə təsis edilib və 2019-cu ildən etibarən dünyanın müxtəlif ölkələrində hər il mayın 20-si xüsusi qeyd olunur.
Beynəlxalq İnsan Resursları Gününün qeyd olunmasında əsas məqsəd fərdi, təşkilat, milli və beynəlxalq səviyyədə insan resursları təcrübələrini tanınması, insan resursları peşəsinin hazırda verdiyi əhəmiyyətli töhfənin ictimailəşdirilməsi, insan resursları üzrə düşüncə və təcrübənin inkişaf etdirilməsi, insan kapitalının inkişafına töhfə verilməsidir.
Azərbaycan HR İnstitutu Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamında əks olunan beş milli prioritetdən üçüncüsü – “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” bəndindən irəli gələrək 2021-ci il fevralın 21-də insan kapitalının inkişafına dəstək olmaq məqsədilə yaradılıb. Azərbaycan HR İnstitutu idarəetmə və insan resurslarının mütərəqqi yanaşmalarını təbliğ etmək və iş yerində insan kapitalının idarə edilməsi üzrə ən yaxşı təcrübələri tətbiq etmək üçün tədqiqat, tədris və beynəlxalq təmsilçiliyi təmin edir.
Azərbaycan HR İnstitutu 1976-cı ildə yaradılmış dünyanın insan resursları üzrə ən nüfuzlu təşkilatı olan İnsan Resursları Sertifikasiya İnstitutu (HRCI) ölkəmizdə rəsmi təmsilçisi statusuna malikdir və ölkəmizdə insan resursları sahəsi üzrə beynəlxalq sertifikasiya hazırlığını həyata keçirir.

Sosial 2022-05-21 17:50:00