×
A
A
A
Sazlamalar

Deputat: ABŞ Azərbaycanı regionda sabitləşdirici amil hesab edir

Bakı, 21may, AZƏRTAC

ABŞ Prezidenti Cozef Baydenin 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu hazırkı dövrdə cərəyan edən mürəkkəb proseslər fonunda mühüm əhəmiyyət kəsb edir. Bu məktubla dünyanın supergüc dövlətinin Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstəyi bir daha ifadə olunur. ABŞ qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə edib. Bu, bir daha ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verdiyini təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
K.Nurullayeva məktubun Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların dünyanın supergüc dövləti tərəfindən qəbul edildiyinin bariz nümunəsi olduğunu bildirib. Azərbaycan Prezidentinə ünvanladığı məktubda “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır”, - deyən Cozef Bayden ölkəsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu diqqətə çatdırıb. ABŞ Prezidenti Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulmasında kömək etməyə hazır olduğunu bildirib. Bu yanaşma, əslində, ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilməlidir. Ağ ev bu məktubla faktiki olaraq Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini ən ali səviyyədə bəyan etmiş olur. Eyni zamanda, Vaşinqton rəsmi Bakının iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu göstərir.
“Co Bayden məktubunda, həmçinin ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirib. ABŞ Prezidenti ötən müddət ərzində enerji mənbələrinin şaxələndirilməsi, beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini bir daha vurğulayıb. Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması fonunda ABŞ Azərbaycanı sabitləşdirici amil hesab edir. Vaşinqton rəsmi Bakının terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri, eyni zamanda, ölkəmizin Ukraynanın suverenliyini dəstəkləməsini və humanitar yardım göstərməsini də təqdir edir. ABŞ Prezidentinin məktubunda bu məsələ xüsusi qeyd olunur”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Siyasət 2022-05-21 17:34:00