×
A
A
A
Sazlamalar

Han Dok-su ikinci dəfə Cənubi Koreyanın Baş naziri təyin olunub

Pekin, 21 may, AZƏRTAC

Cənubi Koreya Prezident Yun Sok Yol vaxtilə yüksək vəzifələrdə işləmiş 72 yaşlı Han Dok-sunu ölkənin Baş naziri vəzifəsinə təyin edib.
AZƏRTAC Cənubi Koreya Prezidentinin ofisinə istinadla xəbər verir ki, dövlət başçısı müvafiq sərəncamı parlamentin müsbət rəyindən sonra imzalayıb.
Seul Dövlət Universitetinin iqtisadiyyat ixtisası üzrə məzunu olan, Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi alan Han Dok-su karyerasına vergi orqanlarında başlayıb. Sonradan Ticarət, Sənaye və Energetika Nazirliyində nazir müavini vəzifəsinədək yüksəlib. O, 1998-2000-ci illərdə ticarət məsələləri naziri vəzifəsində çalışıb. Daha sonra maliyyə naziri təyin olunan Han Dok-su 2006-cı ilin mart-aprel aylarında paralel olaraq Baş nazirin səlahiyyətlərini icra edib. Bir müddət Cənubi Koreya Prezidentin azad ticarət məsələləri üzrə müşaviri olan Han Dok-su 2007-cu ilin martından 2008-ci ilin fevralınadək Baş nazir vəzifəsində çalışıb. O, 2009-2012-ci illərdə ölkəsinin ABŞ-da səfiri olub.
Şahin Cəəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-05-21 16:19:00