×
A
A
A
Sazlamalar

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Bakı, 21 may, AZƏRTAC

Mayın 22-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materiallarının emalına başlanılacaq.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, mayın 21-də DİM tərəfindən respublikanın 17 şəhər və rayonunda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2020 nəzarətçi–müəllim, 263 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi cəlb ediilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Elm və təhsil 2022-05-21 16:16:00