×
A
A
A
Sazlamalar

Şeirimin səssiz səsiyəm...

Ağdaşda Xalq şairi Fikrət Qocanın vəfatının birinci ildönümü münasibətilə
tədbir keçirilib

Bakı, 21 may, AZƏRTAC

Mayın 20-də Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Fikrət Qocanın vəfatının birinci ildönümü münasibətilə “Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Göyçayın Şəhidlər xiyabanını ziyarət edib, həmçinin “Əbədiyaşar Ədiblər” parkında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları üstünə tər güllər düzüblər.
Tədbiri giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov açaraq belə görüşlərin böyük əhəmiyyət daşıdığını söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar ədəbiyyatımızın parlaq simalarından biri olan əziz dostu Fikrət Qoca haqqında xatirələrini bölüşüb.
Göyçay İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən İkram Vəliyev tədbiri bölgənin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib.
Tədbirdə AYB-nin sədr müavini, şair-publisist Rəşad Məcid, AYB-nin beynəlxalq məsələlər üzrə katibi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu, Yazıçılar Birliyinin şöbə rəhbəri, şair, yazıçı Sayman Aruz, Fikrət Qocanın bacısı Güldəniz Qocayeva, Əməkdar artist Ağalar Bayramov çıxış ediblər.
Rəsul Rzanın ev-muzeyinin direktoru Solmaz Həsənova qonaqları muzeyi ziyarətə dəvət edib, hamı çay süfrəsi arxasında Azərbaycan ədəbiyyatının dahi simaları haqqında xatirələrini bölüşüb.
Sonra tədbir Ağdaş Rayon Heydər Əliyev Mərkəzində davam edib.
Görüşdə Fikrət Qocanın şəxsiyyəti, müdrik və cəsarətli poeziyası haqqında danışılıb, əziz xatirəsi anılıb.
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev “Qız qalası” ansamblının müşayiətilə Fikrət Qocanın sözlərinə bəstələnmiş nəğmələri ifa ediblər. Ağalar Bayramov şairin şeirlərini səsləndirib.
Yüksək əhvali-ruhiyyədə keçən tədbirdə ağdaşlı rəssamlar Məlahət İsmayıl Yazıçılar Birliyinə, Fidan Səfixanova isə şairin ailəsinə Fikrət Qocanın portretlərini bağışlayıblar.
Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay üzrə nümayəndəsi, fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Zöhrə Əliyeva, araşdırmaçı-yazar Kəmalə Səlim Müslümqızı, Fikrət Qocanın ailə üzvləri, ölkənin və regionun tanınmış şair və yazıçıları, incəsənət xadimləri, Göyçay və Ağdaş rayon icra hakimiyyətləri aparatının əməkdaşları, Ağdaş, İsmayıllı, Bərdə Regional Mədəniyyət idarələrinin rəhbərliyi və mədəniyyət işçiləri, bölgənin tanınmış ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

Mədəniyyət 2022-05-21 16:06:00