×
A
A
A
Sazlamalar

Günay Əfəndiyeva: Şuşadan olmaq və Şuşada çıxış etmək böyük xoşbəxtlikdir

Bakı, 21 may, AZƏRTAC

Şuşa Qarabağın tacı, Azərbaycanın, ümumən Türk Dünyasının müqəddəs və əziz məkanıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Şuşada keçirilən “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusundakı beynəlxalq konfransda “Dayanıqlı sülhün təməli – mədəni irs” adlı paneldə çıxış edərkən deyib.
Prezident İlham Əliyev tərəfindən elan olunan “Şuşa İli” çərçivəsində keçirilən konfransın tarixi məna daşıdığını bildirən G.Əfəndiyeva maraqlı məsələlərə toxunaraq söyləyib: “Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, bir çox dahi şəxsiyyətlərin, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin Vətəni, qədim, əvəzsiz memarlıq abidələrinin yerləşdiyi şəhərdir. Təsadüfi deyil ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da 2022-ci ilin ilk tədbirini “Şuşa İli”nin açılışına həsr edib”.
Fondun prezidenti çıxışında Şuşa şəhərinin əvvəlki illərdə olduğu kimi, bir sıra vacib tədbirlərə ev sahibliyi edəcəyini vurğulayıb: “Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsi şəhərin türk dünyası üçün böyük mədəni əhəmiyyətə malik olduğunun göstəricisidir. Şuşada həm bu, həm də növbəti il möhtəşəm tədbirlər, konsertlər və sərgilər keçirilməyə davam edəcək. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu ilin qeyd olunmasında aktiv iştirak etməyi planlaşdırır. Əminəm ki, bu cür beynəlxalq tədbirlər Şuşanın timsalında bütövlükdə işğaldan azad olunmuş digər torpaqlarda da Qarabağın tarixi və mədəni irsinin qorunub saxlanmasına, mövcud həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasına öz töhfəsini verəcək”.
G.Əfəndiyeva Qarabağdakı mədəni irsə dəyən ziyan haqqında da fikirlərini bölüşüb: “Fondun qurucu üzv dövlətlərindən biri olan Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində məqsədyönlü şəkildə vandalizm aktları törədilmişdir. Tarixi-memarlıq nümunələri, muzeylər, kitabxanalar, incəsənət məktəbləri, teatrlar ermənilər tərəfindən məhv edilmişdir. Halbuki işğaldan əvvəl Qarabağ Azərbaycanın ən çiçəklənən bölgələrindən biri idi. Azərbaycan artıq yenidənqurma işlərinə başlayıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq biz də bərpa işləri, dünyanın aparıcı mütəxəssislərinin bura gətirilməsi, konfransların, seminarların, təlimlərin keçirilməsi istiqamətində Azərbaycan tərəfi ilə danışıqlar aparmışıq”.
Fondun prezidenti çıxışının sonunda Qarabağda sülhün qarantı sayıla biləcək vacib məsələlərə diqqət çəkərək söyləyib: “Multikultural və tolerant dəyərlərin inkişafı, xalqların bir-birinin kimliyinə, maddi-mənəvi abidələrinə – bütövlükdə ümumbəşəri mədəni irsinə hörmətlə yanaşması davamlı sülhün təmin edilməsində böyük rola malik olacaq”.

Mədəniyyət 2022-05-21 14:43:00