×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 14 nəfər xilas edilib

Bakı, 21 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 12 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 14 nəfər, o cümlədən Abşeron rayonunun Novxanı kəndi ərazisində özünü dənizə ataraq intihara cəhd edən bir nəfər və Xaçmaz rayonunun Xudat şəhərində “Opel” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfər xilas edilib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yeddi nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2022-05-21 13:32:00