×
A
A
A
Sazlamalar

“Atma-yarat-sat” layihəsinin mütəmadi olaraq keçirilməsi tullantı hesab edilən əşyaların təkrar istifadəsinə marağı artıracaq VİDEO

Bakı, 21 may, Göyçək Mahmudlu, AZƏRTAC

Tullantılar müasir dövrdə ekoloji problemlərin artmasına təsir göstərən amillərdən biri hesab edilir. Hazırda təbii ehtiyatların azalması, xammala olan tələbatın çoxalması tullantıların təkrar istifadəsi zərurətini yaradır. Artıq dünyanın bir çox ölkələrində yaşıl iqtisadiyyat və yaşıl artım hədəfləri müəyyənləşdirilib. Dünyada tullantıların düzgün idarə olunması ilə bağlı bir çox layihələr və yaradıcı yanaşmalar tətbiq etməklə insanların diqqətini ətraf mühitin mühafizəsinə çəkmək geniş yayılmış təcrübələrdəndir.
Yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi zövq oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, həmin prosesə dəstək vermək məqsədilə ikinci dəfə olaraq “Atma-yarat-sat” sosial layihəsi keçirilib.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə mayın 21-də keçirilən layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib.
“İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində təşkil olunan sərgi-yarmarkada iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla satışı həyata keçirilib.
Sərgi-yarmarkanın açılışında iştirak edən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov tullantılardan alternativ enerji alındığını, təkrar emal üçün xammal hazırlandığını bildirib. Onun sözlərinə görə, “Atma-yarat-sat” sosial layihəsi onu göstərir ki, tullantılardan hətta incəsənət əsəri də yaratmaq mümkündür. Tədbirin təşkil olunmasında əsas məqsəd əlilliyi olanların cəmiyyətə inteqrasiya olunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda, tullantıların azaldılması istiqamətində təşviqatdır. Belə tədbirlər silsilə olaraq davam edəcək.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev sərgi-yarmarkada agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunlarının iştirak etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, burada, eyni zamanda, Vətən müharibəsinin qaziləri də öz əl işlərini nümayiş etdirirlər. Həmin şəxslərin cəmiyyətə inteqrasiyasında bu cür tədbirlərin əhəmiyyəti böyükdür. Belə tədbirlərin paytaxtla yanaşı, regionlarda da təşkil ediləcəyi vurğulanıb.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə bu günün çox əlamətdar bir gün olduğunu qeyd edərək deyib: “Bu gün BMT-nin Mədəni Özünüifadə Müxtəlifliyi Günüdür. Özünüifadə müxtəlifliyi o deməkdir ki, insanlar öz yaradıcılıq potensiallarını, qabiliyyət və bacarıqlarını hər hansı bir formada məhsula çevirib cəmiyyətə təqdim edə bilirlər. Sərgi-yarmarkada qazilərimizin və digər iştirakçıların öz əl işlərini məhz bu gün təqdim etməsi də əlamətdar günü daha da yaddaqalan etdi”.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində istehsalat üzrə direktor Əlisəfa Nuriyev belə sərgi-yarmarkaların insanların yaradıcılıq qabiliyyətini təzahür etməsinə imkanı verdiyini bildirib. O, sərgi-yarmarkada qazilərin əl işlərini, xüsusilə də xalçaları görməyin çox sevindirici olduğunu deyib.
Sərgi-yarmarka iştirakçılarından olan Vətən müharibəsi qazisi, üçüncü qrup əlil Səbran Əliyev müharibədən sonra öz hisslərini xalça üzərinə köçürməklə rahatlıq tapdığını bildirib: “2020-ci ilin sentyabrında əks-hücum əməliyyatına keçmək elan olunandan könüllü olaraq döyüş sıralarına qoşuldum. Füzuli rayonu, Xocavəndin Hadrut qəsəbəsi, Şuşa istiqamətində döyüşdüm. Füzulidə yaralandım. Müalicələrdən sonra Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi ilə əlaqə saxladım. Xalçaçılıq mənim üçün daha maraqlı gəldi. Toxuduğum xalçalar üzərində xarıbülbülü də təsvir edirəm. Əl işlərimlə 44 günlük müharibədə əldə etdiyimiz Qələbə hissini və qədim tarixi naxışlarımızı gələcək nəsillərə çatdırmaq istəyirəm”.
Sərginin digər iştirakçısı üçüncü qrup əlil Aybəniz İsaqova daha çox zərif cinsin nümayəndələri üçün qolbaqlar, bilərziklər, boyunbağılar, sırğalar hazırlayır. O, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində öyrəndiklərinin həyatını dəyişdirdiyini, əl işlərinin xanımların marağına səbəb olduğunu və hazırladığı bəzək əşyalarından xüsusi günlərdə doğmalarına hədiyyə etdiyini deyib.
Qeyd edək ki, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən və bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi “Atma-yarat-sat” layihəsinin mütəmadi olaraq keçirilməsi fiziki imkanları məhdud olan insanların məşğulluq imkanlarını genişləndirməklə yanaşı, tullantı hesab edilən əşyaların təkrar istifadəsinə marağı artıracaq. Sərgi-yarmarkadan əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Sosial 2022-05-21 19:00:00

Video