×
A
A
A
Sazlamalar

Prezident Administrasiyasında Ədalət Partiyasının sədri ilə görüş keçirilib

Bakı, 21 may, AZƏRTAC

Prezident Administrasiyasında siyasi partiya rəhbərləri ilə görüşlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində növbəti görüş Ədalət Partiyasının sədri İlyas İsmayılovla təşkil olunub. Mayın 20-də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilmiş görüşdə sözügedən partiyanın sədr müavini Elxan Şükürlü də iştirak edib.
Görüş zamanı Administrasiyanın rəsmisi Ədalət Vəliyev Prezident İlham Əliyevin ölkədə demokratik münasibətlərin bərqərar olunmasına dair nümayiş etdirdiyi siyasi iradənin nəticəsində qazanılmış nailiyyətlər, həmçinin aktual olan və mühüm əhəmiyyət kəsb edən digər məsələlər haqqında geniş məlumat verib.
İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi reallıqlar, aparılan islahatların əhəmiyyəti, ölkəmizin qlobal təşəbbüsləri və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, Böyük Qayıdış ilə bağlı icra olunan layihələr, dünyada baş verən müxtəlif hadisələr fonunda ölkəmizdə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti və bir sıra digər məsələlərin müzakirəsi çərçivəsində xüsusi olaraq vurğulanıb ki, dövlətin inkişafı üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar fəal mövqe tutmalıdırlar.
Siyasi dialoq mühitinin inkişafı nəticəsində siyasi partiyaların fəaliyyəti üçün yaradılan münbit şəraitdən bəhs edən şöbə müdiri bildirib ki, müxalifət partiyalarının Prezident İlham Əliyevin mövcud istiqamətdəki təşəbbüslərini dəstəkləməsi Azərbaycanda dayanıqlı demokratik ənənələrin formalaşdırılması prosesini sürətləndirir. Azərbaycanda bütün demokratik məzmunlu təşəbbüslərə rəğmən sabitliyin pozulmasına xidmət edən təxribatlar təkcə ölkənin inkişafı üçün deyil, ümumiyyətlə, regionun sabit inkişafına təhdid yaradır. Bu səbəbdən radikal müxalifətin təxribatlarının yalnız təəssüf hissi doğurduğu və cəmiyyət tərəfindən bu cür qərəzli yanaşmanın sərt tənqid edilməsinin heç də təsadüfi olmadığı vurğulanıb. Bu mənada siyasi dialoqda fəal iştirak edən və bu təşəbbüsləri dəstəkləyən partiyalar Azərbaycanda siyasi sabitliyin təmin olunması prosesində bilavasitə iştirak etmiş olurlar.
Təşkil olunmuş görüşə və bu cür təşəbbüslərə görə təşəkkürünü bildirən partiya sədri İlyas İsmayılov qeyd edib ki, ölkədə həmrəylik mühitinin qorunması dövlətin və cəmiyyətin strateji prioriteti kimi qəbul olunmalıdır. Bu mənada ölkənin və cəmiyyətin inkişafı naminə atılan bütün addımlarda dövlətin yanında olacağını vurğulayan İlyas İsmayılov deyib ki, rəhbərlik etdiyi siyasi partiya öz fəaliyyətində hər zaman yalnız dövlətin və millətin maraqlarından çıxış edəcək.
Administrasiya rəsmisi Ədalət Vəliyev görüşün sonunda konstruktiv əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq İlyas İsmayılova və onun sədrlik etdiyi siyasi partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Siyasət 2022-05-21 12:46:00