×
A
A
A
Sazlamalar

ABŞ-Azərbaycan münasibətləri yeni müstəvidə

Bakı, 21 may, AZƏRTAC

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu iki ölkə arasında olan münasibətlərin göstəricisidir. Məktubda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynaması, Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edilməsi, ABŞ-ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması və bu anlamda Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olması, hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerikanın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi öz əksini tapıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.
O bildirib ki, regionun geosiyasi dinamikasının inkişaf etdiyi bir vaxtda Azərbaycanın bu prosesdə aparıcı rol oynamasını müşahidə edən ABŞ Azərbaycanla olan münasibətlərini dərinləşdirmək niyyətindədir. Belə ki, ABŞ Prezidenti Cozef Baydenin təxminən iki ay əvvəl Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bu əlaqələrin perspektivinə tam aydınlıq gətirilmiş, ABŞ Prezidentinin Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğu göstərilmişdi.
“Bununla yanaşı Azərbaycanın antiterror tədbirlərində yaxından iştirak etməsi, prosesdə hərbi kontingentin də iştirakı regionda sülhün qarantı istiqamətində atılan addımdır. Hazırkı məqamda isə Cənubi Qafqaz üçün sülhün bərqərar olması nəinki region dövlətləri, o cümlədən ABŞ-ın özü üçün vacib amillərdəndir. Baydenin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrə görə Azərbaycanın qlobal məsələlərdəki qətiyyətli mövqeyini təqdir etməsi bir daha onu deməyə əsas verir ki, Ağ Ev hazırkı gərgin beynəlxalq münasibətlər sistemində də Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunu görür və təqdir edir.
Məktubdan o da aydın olur ki, ABŞ Azərbaycanın regionda yaratdığı reallıqları, eyni zamanda, Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu, ABŞ-ın ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmdən və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyindən, qarşıdan gələn illər və onilliklərdə ABŞ-ın Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətində olmasından xəbər verir”, - deyə deputat qeyd edib.
O diqqətə çatdırıb ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı məktubda öz əksini tapan məsələləri birbaşa dilə gətirməsi, Azərbaycanla Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulaması və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə etməsi Azərbaycanın regionda mühüm tərəfdaş olduğunu göstərir.
“Onu da qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq siyasətdə regionda sülh, təhlükəsizlik prioritet sahələrdəndir ki, hazırkı geosiyasi vəziyyət də bu məsələləri önə çəkir. Bu və ya bu kimi məsələlərdə ABŞ-ın açıq mövqe nümayiş etdirməsi isə onu deməyə əsas verir ki, Vaşinqton Bakının siyasətinə dəstək verir və bu dəstək təkcə sözdə deyil, həm də əməldədir”, - deyən İltizam Yusifov fikirlərini yekunlaşdırıb.

Siyasət 2022-05-21 12:17:00