×
A
A
A
Sazlamalar

Tunis sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 3 nəfər ölüb

Qahirə, 21 may, AZƏRTAC

Tunis sahillərində Avropaya yollanan qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 3 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, miqrantların cəsədlərini sahilə çıxaran Tunisin Sahil Təhlükəsizlik Xidmətinin rəsmisi daha 10 nəfərin itkin düşdüyünü bildirib. O əlavə edib ki, ölkənin Sfax bölgəsinə yaxın limandan İtaliyaya yollanan qayıqda 44 qanunsuz miqrant olub və onların 31-nin həyatı xilas edilib. Ötən şənbə günü də Liviya sahillərindən Avropaya yollanan qayıqda batan 80 miqrant xilas edilib.
Tunis və Liviya afrikalı qanunsuz miqrantların Avropaya yollandığı əsas ölkələrdir. BMT-nin məlumatına görə, ötən il quraqlıq, aclıq və səfalətdən qurtulmaq istəyən 2 minə yaxın insan Aralıq dənizində batan qayıqlarda həyatını itirib.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Dünya 2022-05-21 11:17:00