Milli Dram Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Akademik Milli Dram Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
"Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətovdur.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırırlar.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən “Mədəni gənclik” adlı yeni layihə həyata keçirilir.
Məqsəd gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb