×
A
A
A
Sazlamalar

Rəşad Bayramov: “TEKNOFEST Azərbaycan” festivalı hər bir yeniyetmə və valideyn üçün çağırışdır

Bakı, 20 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” festivalı hər bir yeniyetmə və valideyn üçün bir çağırışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
O bildirib ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunan “TEKNOFEST” festivalı texnologiyaların təbliği və inkişaf etdirilməsi, insanların bu sahədə məlumatlılığı və marağının artırılması məqsədini daşıyır. Son 4 ildə davamlı olaraq keçirilən bu festival gənc istedadların aşkarlanmasında mühüm əhəmiyyətə malikdir. Festivalda ənənəvi olaraq müxtəlif texnoloji müsabiqələr, sərgilər və beynəlxalq tədbirlər keçirilir. Bu festivalın keçirilməsi vacib bir məqsədə xidmət edir: Yerli innovativ texnologiyaların inkişaf etdirilməsi sayəsində ölkənin xarici texnologiyalardan asılılığının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq. Bu il “TEKNOFEST” festivalının keçirilməsinin 5-ci ili tamamlanır. Belə bir əhəmiyyətli yubiley tədbirinin ölkə hüdudlarından kənarda – Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Belə ki, festivalın beynəlxalq brendə çevrilməsi məhz Azərbaycandan start götürür.
Festivalın əsas təşkilatçılarından biri olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində sabahın ixtiraçılarının kəşf edilməsi, inkişaf etdirilməsi və onlara davamlı dəstək göstərilməsi üçün ciddi səylə çalışır. “TEKNOFEST Azərbaycan” bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərə çatmış olacaq.
R.Bayramov qeyd edib ki, “TEKNOFEST Azərbaycan” festivalının proqramı olduqca zəngindir. Belə ki, mayın 26-29-da ziyarətçilər 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbiri izləyə biləcəklər: “Ən əhəmiyyətli məqam isə ondan ibarətdir ki, festival iştirakçıları arasında orta məktəb şagirdləri, tələbələr, məzunlar və startaplar yer alır. Maraqlı bir statistikanı sizinlə bölüşmək istəyirəm: bütün müsabiqələr üzrə ümumilikdə 1000 komanda və 5000 nəfər festivalda iştirak üçün müraciət edib. Festivala olan böyük marağı və çoxsaylı müraciətləri nəzərə alaraq Təşkilat Komitəsi müəyyən müsabiqələrin son müraciət tarixini martın 31-nə kimi uzatmışdı. Texnoloji müsabiqələrə “Robotexnika”, “Model Peyk Cansat”, “Planer”, “PUA”, “Sosial yönümlü texnologiyalar”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar” və “Baku Skills” aiddir. Müsabiqələrdə A, B və C kateqoriyaları üzrə iştirak edən yüzlərlə məktəbli, tələbə və startaplar müvafiq sahələr üzrə öz yeni innovativ həllərini münsiflər heyətinə təqdim ediblər”.
Nazir müşaviri diqqətə çatdırıb ki, bu festival Azərbaycanda gənc smart nəslin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Məktəbli olaraq “TEKNOFEST” kimi mötəbər texnoloji festivalda iştirak etmək, üstəlik yeni ideya və həllərlə mübarizəyə qoşulmaq olduqca təqdirəlayiq haldır. Rəqəmsallaşan dünyada Azərbaycanın innovativ inkişaf indeksinin davamlı olaraq yaxşılaşdırılması həmin bu istedadlı yeniyetmə və gənclərin gələcək fəaliyyətindən xeyli asılı olacaq. Bu festival ümumilikdə Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına da böyük təkan verəcək. İnnovativ həllərlə çıxış edən gənclərin yerli və xarici investorlara yol tapması, kommersiyalaşdırıla bilən layihələrlə tanınmış startaplara, hətta “unicorn” (bazar dəyəri 1 milyard ABŞ dolları və ondan artıq olan startaplar) startaplara çevrilməsi artıq xəyal deyil, əksinə gerçəklikdir.
“TEKNOFEST Azərbaycan” festivalı ucqarlardan tutmuş, paytaxt Bakıya kimi istedadların aşkar edilməsi, tanıtdırılması və dəstəklənməsi istiqamətində unikal əməkdaşlıq müstəvisi təklif edir.
“Festivalın beynəlxalq tədbirlərinə gəlincə isə burada 3 mühüm yarışma keçiriləcək. “Smart Qarabağ” Hakatonu çərçivəsində Azərbaycan və türkiyəli proqramçı və texnologiya həvəskarlarından ibarət 34 komanda “Ağıllı şəhər” konsepsiyası üzrə öz yenilikçi həllərini münsiflər heyəti qarşısında göstərəcək. “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatələyir. Qarabağımızın dirçəldilməsi işinə töhfə vermək üçün hakaton iştirakçıları 50 saat ərzində ən yaxşı həll variantı və ya prototiplər hazırlayaraq münsiflər heyətinə təqdim edəcəklər. İnanırıq ki, təklif olunacaq yeni həllər işğaldan azad olunmuş ərazilərimizdə tətbiq oluna biləcək. İkinci beynəlxalq tədbirə gəlincə isə “Take Off Baku” Startap Sammiti çərçivəsində 35-i Azərbaycan təmsilçisi olmaqla ümumilikdə 50 komanda müsabiqənin final mərhələsində təhsil, səhiyyə, nəqliyyat və logistika, infrastruktur və təhlükəsizlik, “Fintech” və digər sahələrdə müxtəlif layihələrlə çıxış edəcəklər.
Qeyd edim ki, “Take Off Baku” Startap Sammiti çərçivəsində ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Hazırda final mərhələsinə keçid almış 50 komandaya 1 aylıq peşəkar mentorluq dəstəyi göstərilir”, - deyə R.Bayramov vurğulayıb.
O bildirib ki, “TEKNOFEST” çərçivəsində “Tekken 7” yarışması və “Rocket League” üzrə Avropa çempionatının keçirilməsi də nəzərdə tutulur. “Tekken 7” yarışması üzrə ümumilikdə 25 kiber atlet qeydiyyatdan keçib. “Rocket League” üzrə isə ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni davam etdirəcək.
R.Bayramovun sözlərinə görə, festivala hazırlıq yüksək səviyyədə həyata keçirilir. “Baku Crystal Hall” daxilində 8 texnoloji müsabiqənin, o cümlədən 3 beynəlxalq tədbirin keçirilməsi üçün son quraşdırma işləri icra edilir. Həmçinin “Crystal Hall” ərazisində Türkiyə və Azərbaycan şirkətlərinin sərgi pavilyonları, müxtəlif dövlət və özəl qurumların texnoloji yenilikləri, o cümlədən son nəsil aviatexnikalar nümayiş olunacaq. Qeydiyyat məsələsinə gəlincə isə mayın 1-dən etibarən ölkə vətəndaşları və şəhərimizin qonaqları “iticket.az” portalı üzərindən ziyarətçi qismində qeydiyyatdan keçərək ödənişsiz bilet əldə edirlər. Qeydiyyat prosesi festival günlərində də davam edəcək və beləliklə, istənilən bir şəxs istər həftəiçi, istərsə də həftəsonu festivalda rahat iştirak edə biləcək. O cümlədən, ziyarətçilərin “Baku Crystal Hall” ərazisinə rahat şəkildə çatdırılması üçün ödənişsiz marşrut xətləri istifadəyə veriləcək. Əsasən “28 May”, “Sahil”, “İçərişəhər”, “Azadlıq prospekti”, “20 Yanvar” metro stansiyalarının qarşısında “TEKNOFEST Azərbaycan” banneri ilə dekor edilmiş avtobuslar xidmət göstərəcək. Tövsiyə edirəm ki, festivalda iştirak etmək istəyən hər bir kəs “TEKNOFEST Azərbaycan” festivalının veb və sosial media səhifələrini izləyərək son məlumatlar və video təlimatla daha ətraflı tanış olsunlar: “www.teknofest.az”. Ümumilikdə isə gündəlik 50 min ziyarətçinin festivalda iştirakı gözlənilir.
“Festival çərçivəsində Azərbaycan və Türkiyə respublikalarının istər dövlət, istərsə də özəl qurumlarının innovativ məhsulları və texnikaları nümayiş olunacaq. Artıq onlarla şirkət qeydiyyatdan keçərək festival ərazisində pavilyonlarının quraşdırılmasına start veriblər. Bununla yanaşı, hər gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarının Bakı səmasında yüksək pilotajlı aviaşouları göstəriləcək. Məşhur “Türk Yıldızları”, “Solo Türk” və “Hürkuş” pilotları sadalanan təqdimatlar sırasındadır”, - deyə nazir müşaviri vurğulayıb.
O diqqətə çatdırıb ki, ilk öncə “TEKNOFEST Azərbaycan” çərçivəsində gənc ixtiraçılar aviasiya, kosmik və texnoloji sahədə zəngin təcrübə mübadiləsi əldə edəcəklər. İnvestorlar və “Vençur fond”lar isə birbaşa həmin bu gənc istedadlarla yerində tanış olub əməkdaşlığa dair müzakirə apara biləcəklər. “TEKNOFEST Azərbaycan” hər bir yeniyetmə və valideyn üçün çağırışdır. Belə ki, bu günün və gələcəyin peşələrinə, əmək bazarına olan tələbat bu festivalda aydın seziləcək. Valideynlər uşaqlarını müasir çağırışlara yönəltməklə rəqəmsal peşə seçimlərinə də dəstək göstərmiş olacaqlar. Əslində bu festival “Gör götür” mesajını verir. Biz çalışmalıyıq ki, gənc və smart nəslin yetişməsində yeniyetmələrə dəstək olaraq onların informasiya çıxışına da imkan yaradaq. Bu isə gələcəyə birbaşa yatırım deməkdir.
Rəşad Bayramovun sözlərinə görə, “TEKNOFEST Azərbaycan” festivalına maraq onu göstərir ki, bugünkü azərbaycanlı şagirdlər, tələbə və startaplar “Made in Azerbaijan” markası adı altında yeni innovativ məhsullar yaratmaqda iddialıdırlar: “Əgər gənclər gələcəyimizdirsə, bu, məhz smart gənclik olmalıdır. “TEKNOFEST Azərbaycan” bu istiqamətdə bütün tərəfdaşları bir araya gətirən unikal əməkdaşlıq platformasıdır”.

İKT 2022-05-20 18:19:00