×
A
A
A
Sazlamalar

Kakao yağı dəri xəstəlikləri riskini azaldır

Bakı, 20 may, AZƏRTAC

Kakao yağı dəriyə qulluq məhsullarının istehsalında geniş istifadə olunur. Bu yağ tərkibində yüksək miqdarda turşular və E vitamini olan kakao paxlasından əldə edilir. Dəri üçün kremlər, losyonlar və dodaq balzamlarının tərkib hissəsidir. Aparılan tədqiqatlara görə, kakao polifenolları dərinin yaşlanmasının qarşısını alır.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, UV radiasiyasına məruz qalmaq dəri toxumasının və hüceyrələrinin zədələnməsinə səbəb ola bilər. Kakaonun tərkibində sağlamlıq üçün olduqca faydalı olan bol miqdarda antioksidant var. Bu maddə dəridə qan axınını yaxşılaşdırır və qocalmanı ləngidir. Antioksidantlar iltihabın qarşısını alır, dərini zərərli şüalardan qoruyur və dəri xəstəlikləri riskini azaldır.
Kakao yağının tərkibi antioksidantlar, A, E vitaminləri və yağ turşuları ilə olduqca zəngindir. Bu yağdan hazırlanmış məhsullar ekzema və dermatitdən əziyyət çəkən xəstələr üçün faydalıdır.
Oleik, palmitik və linoleik turşuları dərini qidalandırır. Bu turşuları özündə ehtiva edən kakao yağı, eyni zamanda, zədələnmiş və quru dərinin nəm ehtiyacını qarşılayır, çapıqların qarşısını alır.
Mütəxəssislər hamiləlik dövründə qadınlara kakao yağından istifadəni tövsiyə edir, çünki onun nəmləndirici təsiri uzanma izlərinin yaranmasına imkan vermir.
Yağ istehlakı ümumi sağlamlıq üçün vacibdir. Kakao yağının tərkibindəki əsas lipidlər xolesterin miqdarını azaldır.

Sağlamlıq klubu 2022-05-20 17:48:00