×
A
A
A
Sazlamalar

Şri-Lanka hökuməti ölkədə gözlənilən ərzaq qıtlığı barədə xəbərdarlıq edib

Bakı, 20 may, AZƏRTAC
Şri-Lankanın Baş naziri Ranil Vikramasinqh ağır iqtisadi böhran fonunda ölkədə gözlənilən ərzaq çatışmazlığı barədə xəbərdarlıq edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Ranil Vikramasinqh, həmçinin hökumətin ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı cəhdlər göstərdiyini deyib. “ABŞ proqnozlaşdırılan qlobal ərzaq qıtlığının daha çox Şri-Lanka və Əfqanıstana ağır zərbə vuracağını qeyd edib”, - baş nazir özünün tviter hesabında belə yazıb. Onun sözlərinə görə, ölkənin Kənd Təsərrüfatı Nazirliyi becərilən zəruri bitkilərin həcminin artırılması üzrə proqram həyata keçirəcək. Lazımi gübrələr cari əkin dövrünə çatmaya bilər, lakin hökumət növbəti mövsüm üçün etibarlı gübrə təminatı üzrə addımlar atır.
Associated Press agentliyi isə öz növbəsində Şri-Lankada yanacaq çatışmazlığı və nəqliyyat problemləri səbəbindən məktəblərin bağlandığını, hökumətin dövlət qulluqçularına işə çıxmamaq barədə çağırış etdiyini yazıb. Hazırda Şri-Lankada benzin, eləcə də digər yanacaq növləri demək olar ki, tükənib. Həmçinin ölkədə idxal ərzağı və dərman çatışmazlığı mövcuddur.
Ada dövlət olan Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub.
İqtisadi böhran səbəbindən bir neçə aydır davam edən etiraz aksiyaları son günlər iğtişaşlarla müşayiət olunur. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində səkkiz nəfər həlak olub, 200-dən çox insan isə xəsarət alıb.

Dünya 2022-05-20 15:22:00