×
A
A
A
Sazlamalar

Milli Xalça Muzeyində “Danışan abidələr” adlı fotosərgi açılıb

Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində “Danışan abidələr” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunub.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, muzey öz fəaliyyətini müxtəlif istiqamət üzrə, xüsusilə də təhsil vasitəsilə maarifləndirmə sahəsində yüksək səviyyədə davam etdirir: “Bugünkü sərgidə Qarabağın ermənilər tərəfindən işğalı dövründə dağıdılmış muzey və tarixi-mədəni abidələrimizin fotoları nümayiş etdirilir. Nümayiş olunan bütün fotolar AZƏRTAC-ın fotoqraflarının Qarabağ bölgəsində çəkdiyi fotoşəkillərdən ibarətdir”.
Mədəniyyət Nazirliyinin sektor müdiri Altun Mikayıllı bildirib ki, müasir dövrdə muzeylər tək nümayişlə kifayətlənmir, eyni zamanda, elmi-tədqiqatla məşğul olur. Milli Xalça Muzeyi də bu istiqamətdə fəaliyyət göstərir. O, həmçinin “Danışan abidələr” layihəsinin gənc nəslin tərbiyəsində xüsusi rol oynadığını vurğulayıb.
“Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədov ekspozisiyanın mahiyyəti haqqında danışıb. Bildirib ki, abidələr haqqında düzgün məlumat əldə etmək üçün kifayət qədər məlumatlı olmaq lazımdır: “Elə abidələr var ki, tamamilə dağıdılıb. Bunun üçün tədqiqat aparmalı, vikipediya kimi bir sıra mənbələrdən məlumat toplamaq lazımdır”.
Fotolardakı abidələr haqqında qonaqlara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məlumat veriblər.
Bununla yanaşı gün ərzində Milli Xalça Muzeyində Əməkdar rəssam Yelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovla çətən üzrə ustad dərsləri keçiriləcək.
Muzeyin balaca dostları üçün isə ekspozisiyada maraqlı və əyləncəli kvest oyunu təşkil olunacaq. Onlara “Şuşa İli” münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası göstəriləcək. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq Birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib.

 

Mədəniyyət 2022-05-20 12:48:00