×
A
A
A
Sazlamalar

Zaqatalada bu günədək 201,7 hektar sahəyə tütün şitilləri köçürülüb

Zaqatala, 20 may, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Zaqatala rayonunda 450 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Zaqatalalı fermerlər cari ildə 397 hektar sahədə “Virciniya botaniki”, 53 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 201,7 hektar sahəyə tütün şitilləri köçürüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Asya Hacıyeva məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, cari mövsümdə rayonun təsərrüfatlarında “Zaqatala AGRO Industry” MMC tərəfindən 253 hektar, “Azərtütün ASK” MMC (“Tabaterra Leaf” QSC) tərəfindən 124 hektar və “Azəri Korporasiyası” tərəfindən 20 hektar sahədə “Virciniya botaniki” növlü, həmçinin fərdi qaydada 53 hektar sahədə digər növ tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar hər 3 şirkət tərəfindən bu günədək 36 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 396,5 hektardır. Tütün əkilməsi üçün indiyədək 395,5 hektar sahədə şum aparılıb.

Kənd təsərrüfatı 2022-05-20 12:01:00