×
A
A
A
Sazlamalar

Anam doğma Vətənimsən, Azərbaycanım!

Xalq artisti Rauf Hacıyevın adını daşıyan 15 nömrəli onbirillik musiqi məktəbindən görkəmlı bəstəkarın 100 illiyinə töhfə

Bakı, 20 may, AZƏRTAC

Elə musiqi əsərləri var ki, həmişə yeni, təzə təsir bağışlayır. İllər ötüb keçsə də, zaman dəyişsə də, onun yeniliyinə, təzəliyinə xələl gəlmir. Hətta bəzən həmin əsərlərin bir nəfərin yox, yüzlərin, minlərin qəlbindən, beynindən süzülüb gəldiyi təəssüratı yaradır. Musiqi mədəniyyətimizdə özünəməxsus yer tutan, bənzərsiz əsərləri ilə özünə əbədiyyət heykəli qoyan bəstəkarlardan biri də Xalq artisti Rauf Hacıyevdir. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər yaradan, böyük Üzeyir bəy Hacıbəylinin ötən əsrin əvvəllərində təməlini qoyduğu bəstəkarlıq məktəbinin layiqli davamçısı olan görkəmli musiqişünas, bəstəkar və dövlət xadimi Rauf Hacıyevin yaradıcılığı ictimaiyyət tərəfindən həmişə maraqla qarşılanıb.
Bu il Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olan görkəmli bəstəkar Rauf Hacıyevin anadan olmasının 100 ili tamam olur. Aprelin 13-də Prezident İlham Əliyev bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsəsən yubiley münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də mayın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bəstəkarın adını daşıyan musiqi məktəbi tərəfindən təşkil olunub. İlk andan hiss edilirdi ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi görkəmli bəstəkarın yubileyinə ciddi hazırlaşıb. Məktəb kollektivinin hazırladığı möhtəşəm konsert proqramı böyük nəğməkarın xatirəsinə sonsuz ehtiramın ifadəsi idi.
Tədbirin əvvəlində Rauf Hacıyevin yaradıcılığına həsr olunmuş videorolik təqdim olunub. Videorolikdə görkəmli bəstəkarın həyat və yaradıcılıq yolu xatırlanıb. Qeyd olunub ki, Rauf Hacıyev bu gün də sevilən, populyarlığını itirməyən "Sevgilim", "Sənsiz", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran", "Saçlarına gül düzüm", "Ay qız" və s. bu kimi bir-birindən gözəl nəğmələr yaradıb. Bu mahnılar ürəklərə həyat eşqi, Vətənə, dünyaya, insanlara sevgi hissi ələyir, çünki həmin əsərlərdə təmiz həyat, gözəl və yüksək məhəbbət tərənnüm olunur...
Gecədə məktəb xorunun ifasında bəstəkarın “Azərbaycan” və “Bakı” mahnıları dinlənilib. Məktəbin xalq çalğı alətləri ansamblı və kiçik xoru “Əhməd haradadır” kinofilmindən “Bakı” haqqında mahnını səsləndirib. Məktəbin şagirdi, beynəlxalq müsabiqələr laureatları Mixail Çernyavko fleytada “Leyla”nı, Samirə Cəfərli fortepianoda “İki rəqs”i, Orxan Hüseynov kamançada “Təbəssümünü gizlətmə” operettasından “Arifin qəmgin mahnısı”nı və “Qafqaz süfrəsi”ni, Əbdüləli Hüseynli, Hüseynağa Cəfərzadə və Prezident təqaüdçüsü Cəmil Sədizadə fortepianoda “Popuri” ifa ediblər.
Məktəblilərin böyük şövq və həvəslə təqdim etdikləri musiqi nömrələri tamaşaçı alqışları ilə qarşılanıb.
Konsertdən sonra AZƏRTAC-a müsahibə verən Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin direktoru Sevil Ələkbərova qeyd edib ki, bu il Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirlərə bəstəkarın adını daşıyan məktəb də öz töhfəsini verməyə çalışır. İl ərzində məktəb görkəmli bəstəkarın yubileyini müxtəlif tədbirlərlə qeyd edəcək.
Direktor deyib: “Görkəmli müğənni, Xalq artisti Rəşid Behbudov xarici ölkələrdəki çıxışını Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə yekunlaşdırardı. Həmin mahnılara olan məhəbbət qətiyyən azalmır. Rauf Hacıyev, ilk növbədə, Azərbaycan dinləyicisi və tamaşaçısı tərəfindən bənzərsiz mahnıları ilə sevilir. O, bəstəkar Tofiq Quliyevlə yanaşı, Azərbaycan estrada mahnı janrının təməlini qoyub və bu janr daim yaşayacaq. Bəstəkar zamanı yarıb keçəcək əsərlər, klassik nümunələr yaradıb. Səməd Vurğunun sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısını və ya Rauf Hacıyev yaradıcılığının epiqrafı sayılan “Romeo mənim qonşumdur” filmindən “Sevgilim” mahnısını xatırlamaq kifayətdir. Həmin mahnılarda onun bütün yaradıcılığına xas olan həyatsevərlik, ülvi məhəbbət hissləri öz əksini tapıb. Rauf Hacıyev yaradıcılığı çoxşaxəlidir. O, Üzeyir bəyin xeyir-duası ilə sənətə gəlib və yüksək musiqi təhsili alıb. Qara Qarayev kimi dünyaşöhrətli bəstəkarın tələbəsi olub. Rauf Hacıyevin təməlini qoyduğu Azərbaycan Estrada Orkestri keçmiş SSRİ-nin hər guşəsini qarış-qarış gəzib.
Çoxşaxəli yaradıcılıq irsinə malik olan sənətkarın “Gülüşünü gizlətmə”, “Romeo mənim qonşumdur”, “Mənim məhəbbətim Kuba”, "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yol ayrıcında", ”Ordan-burdan” operettaları musiqi tariximizin solmayan səhifələridir. Nə qədər ki, Azərbaycan xalqı var Rauf Hacıyevin musiqiləri də xalqımızın qəlbində, yaddaşında daim yaşayacaq, sənətsevərlərin zövqünü və könlünü oxşayacaq, pərəstişkarlarına xoş duyğular bəxş edəcəkdir”.

Mədəniyyət 2022-05-20 10:39:00