×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: İşğaldan azad edilən ərazilərdə mayın 1-dən 19-dək 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatından təmizlənib VİDEO

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunan ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yollar Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən minalardan təmizlənir, abadlaşdırılır, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata keçirilir. Həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində mayın 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17 min 200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Piyada əleyhinə 6 mindən çox, tank əleyhinə 2100 ədəddən artıq və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Minatəmizləmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 kilometrdən artıq yeni təminat yolu çəkilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Ordu 2022-05-19 18:49:00

Video