×
A
A
A
Sazlamalar

Azərbaycan dəmiryolçuları Rotterdamda keçirilən beynəlxalq sərgidə iştirak edirlər

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan dəmiryolçuları 2 illik fasilədən sonra Niderlandın Rotterdam şəhərində keçirilən ənənəvi “Breakbulk Europe-2022” Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat innovasiyaları sərgisində iştirak edirlər.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, mayın 17-dən 19-dək davam edən sərgiyə 120 ölkədən mindən çox şirkət qatılıb. Tədbirdə yükdaşımalar, ekspedisiya, o cümlədən dəmir yolu sahəsində çalışan şirkətlər, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər.
Son zamanlar dünyada cərəyan edən hadisələr, yaranan yeni geosiyasi reallıqlar, nəqliyyat və logistika sahəsinə ciddi təsir göstərib. Bunu, ilk növbədə, Asiya və Avropa arasında yükdaşımalara aid etmək olar. Avrasiya məkanında demək olar ki, nəqliyyat sistemi, logistika xəritəsi dəyişir. Azərbaycan yeni reallıqlarda, öz nəqliyyat və logistika sistemi ilə cəlbedici rol oynamağa başlayıb. Ümumən, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə indi daha çox ehtiyac duyulur. Hazırda Çin-Azərbaycan-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa nəqliyyat marşrutları böyük marağa səbəb olub.
“Azərbaycan Dəmir Yolları” QSC və törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Ekspress” şirkətləri sərgiyə birgə stendlə qatılıb, Azərbaycanın logistik imkanlarını təqdim ediblər. Tədbir iştirakçılarına ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verilib. Çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın dəmir yolları vasitəsilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, “Breakbulk Europe-2022” sərgisində müxtəlif ölkələrdən 15 mindən artıq mütəxəssis iştirak edir.

Nəqliyyat 2022-05-19 16:57:00