×
A
A
A
Sazlamalar

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə gecə" adlı multimedia layihəsinin təqdimatı olub

Bakı, 19 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeydə gecə” adlı multimedia layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fərhad Fərzəliyev, Günel Ravilova, İbrahim Babayev, Lyudmila Kristeseva, Timur Amirxanov və digər rəssam və müəlliflərin multimedia instalyasiyaları, rəqəmsal layihələri, davamlı inkişaf və gender mövzularında əsərləri təqdim edilib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva hər il keçirilən Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərin gücü" mövzusuna həsr olunub: “Beynəlxalq Muzeylər Günü ölkəmizdə də geniş miqyasda qeyd edilir. Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif multimedia layihələrinin köməyi ilə "Muzeydə gecə" layihəsi təqdim edilir”.
Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən və hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan geniş yenidənqurma işlərindən danışan nazir müavini, tədbir iştirakçılarını Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
İsveç Krallığının Azərbaycandakı səfiri Kristian Kamillə bu layihə çərçivəsində keçirilən tədbir haqqında öz fikrini bölüşüb. "Mən əminliklə deyə bilərəm ki, sizin gözəl ölkəniz muzey sahəsində fəaliyyətinə görə fərqlənir. Qürurla vurğulamaq istərdim ki, mən yalnız Bakı şəhərindəki muzeyləri yox, həmçinin regionlarda yerləşən bir çox muzeyləri ziyarət etmişəm. Ölkənizdə olan muzeyləri də kəşf etmək mənim üçün böyük fəxrdir”.
Sonra İsveç və Azərbaycan sənətkarlarının birgə işi olan kolleksiyanın da muzeydə sərgilənəcəyindən danışan səfir bütün tədbir iştirakçılarına xoş arzularını bildirib.
Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri və layihənin kuratoru Könül Rəfiyeva bu layihə barədə ətraflı məlumat verərək deyib: “Hər il 18 May -Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Eyni zamanda bu il Beynəlxalq Muzeylər Təşkilatının 45 illiyidir. Bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyi Mədəniyyət Nazirliyi ilə birlikdə "Muzeydə gecə" adlı xüsusi multimedia layihəsini təqdim edir. "Açıq qapı" günü çərçivəsində muzeyin işi bitdikdən sonra belə muzeyə girmək imkanının olması bizə muzeydə saxlanılan mədəni irsimizə, tariximizə, incəsənətimizə dair ümumi klassik kolleksiya ətrafında yaradılan müasir rəssamların rəqəmsal multimedia və səs instalyasiyaları formasında əsərləri ilə tanış olmaq imkanı verir. Bu muzeylərə yeni bir baxış və yeni nəfəs deməkdir. Müasir texnologiyaların imkanları geniş auditoriya tərəfindən muzey eksponatlarının öyrənilməsini daha qeyri-adi və maraqlı edir. Belə gözəl layihələrlə hər kəsə həyatı boyu öyrənmək və yeniliklərlə tanış olmaq imkanı yaradan muzeylər intellektual vətəndaş cəmiyyətinin formalaşmasına kömək edir”.
Sonda Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin müşayiəti ilə, solistləri beynəlxalq müsabiqələr laureatı Əziz Pənah (qoboy) və Prezident təqaüdçüsü Nərmin Nəcəfli (piano) olan konsert proqramı, eləcə də muzeyin zəngin kolleksiyasından seçilmiş eksponatlar əsasında Xalq rəssamı Səttar Bəhlulzadənin sehrli dünyasının total instalyasiyaya çevrildiyi proqram təqdim edilib.

 

Mədəniyyət 2022-05-19 11:32:00