×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edildi.
Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirdi, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olundu.
Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulandı.
Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edildi, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Rəsmi xronika 2022-05-19 11:30:00

Video