×
A
A
A
Sazlamalar

“Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” müsabiqələrinin finalçıları müəyyənləşib

Bakı, 19 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan tələbələri arasında keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” və türkiyəli gənclərin də qatıldığı “Pilotsuz Uçuş Aparatları” yarışlarının finalçıları məlum olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərkosmosun tərəfdaşlığı və təşkilatçılığı ilə keçirilən hər iki müsabiqənin finalçıları “TEKNOFEST Azərbaycan” layihəsinin seçim meyarlarına uyğun müəyyənləşdirilib.
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi üzrə 23 komandadan 7-si “Müraciət”, “Missiya təyini və komponent seçimi” və “Videohesabatın hazırlanması” mərhələlərini uğurla başa vuraraq “Uçuş və uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb. “Uçuş və uçuş sonrakı hesabat” mərhələsində Azərbaycanın Milli Aviasiya Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Universitetindən olan komandalar öz peyk modellərini səmaya buraxmaq şansı qazanıblar.
Beynəlxalq səviyyədə baş tutan “Pilotsuz Uçuş Aparatları” yarışında isə Azərbaycan və Türkiyədə yerləşən 45 universitetdən ümumilikdə 130 komanda qeydiyyat üçün müraciət edib. Onlardan 14 komanda yarışın “Müraciət”, “Missiya təyini və komponent seçimi” və “Videohesabatın hazırlanması” mərhələlərinin şərtlərinə tam cavab verərək “Uçuş və uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb. Həmin şəxslərdən 10-u Azərbaycan, 4-ü Türkiyə komandasıdır. Onlar “Uçuş və uçuş sonrakı hesabat” mərhələsində öz modellərinin missiyalarını nümayiş etdirəcəklər. Azərbaycanın Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin, Türkiyənin isə Yıldız Teknik Universiteti və “Türk Hava Kurumu” Universitetinin tələbələri iştirak haqqı qazanıblar.
Mayın 26–29-da keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalının mükafatlandırma günündən əvvəl – mayın 23-də və 24-də “Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” yarışları üzrə finala keçən komandalar Hacıqabul rayonu ərazisindəki aerodromda uçuşlar həyata keçirəcəklər. Uçuşları uğurla bitirən komandalar mayın 28-də “Bakı Kristal Zalı”nda baş tutacaq mükafatlandırma mərasiminə qatılacaqlar.
Qeyd edək ki, bu müsabiqələr tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqların formalaşdırılması məqsədilə bir sıra ölkələrdə təşkil olunur. Bundan əlavə, komandalar verilmiş tapşırıqlara innovativ yanaşma, komandada işləmə, təqdimat və planlaşdırma kimi bacarıqları da əldə edirlər.
Həm peyk modelləşdirilməsi, həm də pilotsuz uçuş aparatları müsabiqələrində qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə, inkişafına şərait yaradır.
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulur. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkarlanması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də Agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

 

İKT 2022-05-19 11:16:00