×
A
A
A
Sazlamalar

Osloda Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbir keçirilib

Oslo, 19 may, Rauf Əliyev, AZƏRTAC
Norveçin paytaxtı Osloda Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbir “CAN” diaspor təşkilatı və Roseslottet (Osloda Qızılgül Muzeyi) tərəfindən təşkil edilib.
Roseslottet muzeyinin təmsilçisi Martin Romberq tədbir iştirakçılarını salamlayaraq, Norveçlə Azərbaycan arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. Martin Romberq qeyd edib ki, məşhur səyahətçi Tur Heyerdal onun uşaqlıq qəhrəmanımdır və onun Azərbaycana məşhur səyahətləri və bu günə qədər ölkəmizdə yaxşı tanınması onu sevindirir. “CAN” diaspor təşkilatının Norveçdə Azərbaycanı tanıtmaq üçün vacib və maraqlı layihələr həyata keçirdiyini də bildirən M.Romberq, Roseslottetdə ilk Azərbaycan Mədəniyyəti Günü tədbirini keçirməkdən məmnunluğunu da ifadə edib.
Daha sonra açılış nitqi ilə çıxış edən “CAN” diaspor təşkilatının rəhbəri Şervin Nəcəfpur qonaqlara tədbirin mahiyyəti haqqında qısa məlumat verib. O bildirib ki, keçirilən mədəniyyət tədbiri Şuşa şəhərinə həsr olunub və burada Azərbaycana həsr olunan, habelə ölkəmizdə yazılıb-yaradılan müxtəlif şeirlər, kitablar və klassik musiqi bəstələri təqdim olunacaq.
Türkiyə Respublikasının Norveçdəki səfiri Fəzli Çorman öz çıxışında Şuşa şəhərinin tarixi əhəmiyyətini vurğulayaraq, bu il Azərbaycanda “Şuşa İli”nin qeyd olunduğunu, Türk Şurasının 2023-cü ildə Şuşanı mədəniyyət paytaxtı elan etdiyini bildirib. Bu cür tədbirlərin əhəmiyyətinə də toxunan diplomat, həmçinin xalqlar arasında əlaqələr və mədəni körpünün qurulmasının vacib olduğunu ifadə edib.
Ardınca çıxış edən norveçli yazıçı Raqnhild Thori öz “Nizami Gəncəvi-Leyli və Məcnun” kitabından bəhs edərək, Nizami Gəncəvinin dünya ədəbiyyatının mühüm dəyərlər incisi olduğunu xüsusi ilə vurğulayıb.
Daha sonra çıxış edən digər norveçli yazıçı Terje Holmedal, öz kitabından seçmələri oxuyub. Cəbrayıldan olan keçmiş məcburi köçkünün hekayəsindən ilhamlanaraq bu kitabı yazdığını deyən Terje Holmedal, Qarabağın qanunsuz işğalı və Xocalı Soyqırımı haqqında da ətraflı məlumat verib.
Bədii hissədə, həmçinin Norveçdə yaşayan əslən azərbaycanlı skripkaçı Ülvi Həsənli və pianoçu Kiril Kutinin duetinin ifasında bir saatlıq klassik konsert proqramı baş tutub. Musiqiçilər Q.Qarayev, F.Əmirov, A.Məlikov, M.Mirzəyev, V.Adəgözəlov, H.Niyazi, T.Quliyev kompozisiyaları ilə yanaşı, Azərbaycan xalq mahnılarını da ifa ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən maliyyələşdirilib.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo

Mədəniyyət 2022-05-19 03:24:00