×
A
A
A
Sazlamalar

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Bakı, 18 may, AZƏRTAC
Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlər üçün faydalı vitaminlərlə zəngin yaşıl bitki tərkibli qidalara üstünlük vermək tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova deyib: “Aparılan tədqiqatlar göz sağlamlığı üçün hansı qidaların daha çox faydalı olduğunu müəyyən etmişdir. Tərkibində lütein miqdarı çox olan bişmiş və çiy halda ispanaq, bişmiş halda kələm və çiy halda cəfəri qəbul edilməsi gözlər üçün çox faydalıdır”.
Mütəxəssislər gözlərin torlu qişasının normal fəaliyyəti üçün A vitaminin qəbulunu vacib sayır. Həmin vitaminin çatışmazlığı gözlərdə “toyuq korluğu” adlanan xəstəliyin inkişafına səbəb olur. Gözdə yaranan problemlərin qarşısını alan vitaminlərdən biri də Omeqa-3 yağıdır. Omeqa-3 yağ turşusu görmə qabiliyyətini yaxşılaşdırır. Gözlərin arxasında yerləşən torlu qişa və hüceyrə membranını qoruyur. “Orta yaşda olan sağlam insanlar həftədə iki-üç dəfə yağlı balıq istehlak etməklə 0,5-1 qram Omeqa-3 qəbul edə bilərlər. Tədqiqatlar balıq yağının quru göz sindromunu müalicə etdiyini göstərib”.
Həkim-oftalmoloqun dediyinə görə, S vitamini ilə zəngin meyvə və tərəvəzlərin gözə faydası çox böyükdür: “Portağal və limon S vitamini ilə zəngin olduğuna görə göz əzələlərinin tonusunu tənzimləyir və damarları möhkəmləndirir. Həmin vitaminin çatışmazlığı isə gözlərin yorğunluğuna və qansızmalara səbəb olur”.
Görmə qabiliyyətində problem olanlara tərkibi sinklə zəngin olan qidalardan – yerkökü, yaşıl tərəvəzi qida rasionuna əlavə etmək məsləhət görülür.

 

Sağlamlıq klubu 2022-05-18 12:38:00