×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda “Vətən tarixini öyrənək və onu qoruyaq!” şüarı altında yeni layihəyə start verilib VİDEO

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan xalqı tarixən qurub-yaradan və qurub-yaratdıqlarını qorumağı, hifz etməyi bacaran qəhrəman xalqdır. Belə olmasaydı, yeraltı və yerüstü sərvətləri, təbii gözəllikləri, arxeoloji və memarlıq abidələri ilə zəngin, geostrateji maraqların mərkəzində yerləşən və zaman-zaman yadellilərin hücumlarına məruz qalan tarixi torpaqlarımız qorunmaz və bu günümüzədək mövcudluğunu saxlamazdı. Bu gün gənc nəslin qarşısında duran ən böyük vəzifələrdən biri də öz ölkəsinin, xalqının tarixini dərindən öyrənməklə yanaşı, onu gözlənilən müdaxilələrdən, basqılardan qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Ulu öndər Heydər Əliyev həmişə deyərdi ki, tarixini yaxşı bilməyən, soykökünə dərindən bələd olmayan, xalqının milli-mənəvi dəyərlərinə yiyələnməyən gənc vətənpərvər ola bilməz. Məhz bizi qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparan da Ordumuzun və xalqımızın Vətəninə, dövlətinə sonsuz sədaqəti, doğma torpağına bağlılığı, bu torpaq uğrunda canından-qanından keçməyə hər an hazır olmasıdır. Həqiqətən də torpağı qorumasan əkib-becərməyə, əkib-becərməsən onu qorumağa dəyməz.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində “Vətən tarixini öyrənək və onu qoruyaq” layihəsi çərçivəsində keçirilən ilk tədbirdə səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığı, müasir hərb elminə, yeni texnologiyalara yiyələnməsi, taktiki təlimlərdə peşəkarlıq qabiliyyətini daha da artırması ilə yanaşı, onların vətənpərvərlik tərbiyəsi də diqqət mərkəzindədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyinin xüsusi təyinatlıları qarşısında çıxış edərkən qeyd etdiyi kimi, “Bizi irəliyə aparan Vətən sevgisi idi”. Hər bir əsgərə, zabitə Vətən sevgisini daha da geniş aşılamaq üçün hərbi qulluqçuların xidmət etdikləri diyarın, şəhərin, kəndin tarixinin onlara öyrədilməsi, təbliğ olunması çox önəmlidir.
“Vətən tarixini öyrənək və onu qoruyaq” layihəsi çərçivəsində ilk olaraq Gəncədən başlanan tur böyük maraqla qarşılanıb. Layihə çərçivəsində tədbirlər ölkəmizin bütün ərazisini əhatə edəcək. Hərbi qulluqçulara xidmət etdikləri diyarın tarixinin daha mükəmməl öyrənilməsi imkanı veriləcək və onlar Azərbaycan Ordusunda xidmətlərini müvəffəqiyyətlə başa vurub cəmiyyətə inteqrasiya olunduqdan sonra əsl vətənpərvərlər kimi “Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar” fikrini özlərinə vətəndaşlıq borcu biləcək və tariximizin təbliğatçılarına çevriləcəklər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin layihəsi və Gəncə Qarnizonu İdeoloji İş və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən ilk tədbirin iştirakçıları olan bir qrup hərbi qulluqçu əvvəlcə Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksi qarşısında qarşılanıb.
Məlumat verilib ki, kompleks 2014-cü ildən fəaliyyət göstərir. Bu, Gəncənin “Məqbərə qapısı” adlanan beşinci qapısının bərpa olunan variantıdır. Abidə-kompleksin sağ cinahında Gəncənin gerbi yerləşdirilib. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin Xarəzm şahı Cəlaləddinə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ulu öndər Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunub. Qalanın sağ hissəsində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olması və milli qurtuluş hərəkatının Gəncədən başlaması göstərilib.
Muzeyin ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında elmi işçi Gülnar Məmmədovanın əhatəli məlumatları hərbi qulluqçuların böyük marağına səbəb olub.
Hərbi qulluqçular bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Gəncə Dövlət Tarixi-Mədəniyyət Qoruğunun əməkdaşı Havva Hüseynova əsgər və zabitlər qarşısında çıxış edərək bildirib ki, Nizami Gəncəvi bu gün də müasirdir. Dahi Nizaminin ədəbi qəhrəmanları Vətənini, yurdunu sonsuz məhəbbətlə sevir, ağıllı, cəsarətli və hünərlidir, doğma torpağını yadellilərin basqınlarından mərdliklə qorumağa, qılınc alıb meydanda özünü göstərməyə, “doğma ölkəsinə qol-qanad” verməyə, öz ölkəsinin müstəqilliyini, ərazi bütövlüyünü əbədi və sarsılmaz etməyə, Vətəninin azadlığını hər şeydən uca tutmağa qadirdir.
K.Hüseynova Nizami Gəncəvi yaradıcılığından aşağıdakı misraları söyləyərək Vətən müharibəsində Azərbaycan oğullarının ölkəni fitnədən xilas edərkən öz qüdrətlərini dəfələrlə göstərdiklərindən xalqımızın böyük qürur duyduğunu diqqətə çatdırıb:
Cavansan, şir kimi cəsarətin var,
Tacidar olmağa ləyaqətin var.
Ölkəni fitnədən xilas edərək,
Qüdrətini göstər bir dəfə görək.
Zabit Bəhruz Məmmədov ekskursiya üçün minnətdarlıq edərkən dahi şairin “Çalış ki, kirpiyin olsun almaz tək, ayıq ol, ölkənin keşiyini çək” misralarını xatırlayıb. O, böyük şairimizin məzarı önündə hərbi qulluqçular adından and içib ki, bundan sonra da kirpiyimiz almaz tək olacaq və ayıq-sayıq olaraq ölkəmizin keşiyini çəkəcəyik.
Gəncə şəhərindəki Heydər Əliyev parkını ziyarətdən sonra hərbi qulluqçular Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə gəliblər.
Səmimiyyətlə qarşılanan hərbi qulluqçulara muzeyin direktoru Şəhla Məmmədova Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binasını göstərərək bildirib ki, Gəncənin memarlıq üslubuna uyğun olaraq 1897-ci ildə bu iki bina kərpicdən tikilib. İlk illərdə binada Gəncə şəhəri Duması yerləşib, 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti burada fəaliyyət göstərib. Hazırda Atatürk prospektindəki binalardan birində Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi yerləşir.
Ziyarətçilərin nəzərinə çatdırılıb ki, qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə apararaq, XX əsrin əvvəllərində istiqlaliyyətinə qovuşub. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməmizi zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, sübut edib ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Muzeyin direktoru vurğulayıb ki, Tiflisdə istiqlalını elan edən Azərbaycanın yeni hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçüb və Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi tarixə yazılıb. Üç ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı 100-dən artıq qanun və qərar qəbul edilib. Azərbaycan dili dövlət dili elan olunub, ilk dəfə al-qırmızı, ay və səkkiz guşəli ulduzlu bayrağımız Gəncədə ucaldılıb. Üzeyir Hacıbəylinin redaktorluğu ilə “Azərbaycan” qəzeti Gəncədə işıq üzü görüb. 1804-cü ildən adı dəyişdirilən şəhərin tarixi adı özünə qaytarılıb. Hərbi nazirlik təsis edilib, Azərbaycan Milli Ordusunun təşkili sayəsində ilk addımlar Gəncədə atılıb. Azərbaycanın dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görülüb, hərbi nazirlik və hərbi zavod yaradılıb. Hərbi mükəlləfiyyət haqqında qərar qəbul edilib, zabit kursları təşkil olunub və 1918-ci il iyunun 26-da Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında Əlahiddə Azərbaycan korpusu yaradılıb. Bakı işğaldan azad edildikdən sonra 1918-ci il sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçüb və fəaliyyətini paytaxtda davam etdirib.
Polkovnik Abdulla Qurbani Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının müstəqilliyinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən daha da möhkəmləndirildiyini və bu istiqamətdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daha böyük işlər görüldüyünü qeyd edib.
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinin ekspozisiyası barədə ətraflı məlumat verildikdən sonra hərbi qulluqçular muzeyin xatirə kitabına arzu və təkliflərini yazıblar. Muzeyə Müdafiə Nazirliyinin adından A.Qurbaninin yeni nəşrlərindən nüsxələr hədiyyə edilib.
Hərbi qulluqçular muzeydən ayrılarkən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Məmmədov telefon açaraq hərbi qulluqçuları salamlayıb və onlara Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha böyük zəfərlər qazanmağı arzulayıb.
Sonra xalqımızın qəhrəman oğlu Cavad xanın məzarı ziyarət olunub, onun hər bir azərbaycanlı üçün örnək olan şərəfli ömür yolu barədə söhbət açılıb.
Gəncənin digər muzey və abidələri ilə tanışlıqdan sonra şəhərdəki “Kübar” restoranı tərəfindən hərbi qulluqçular üçün nahar süfrəsi açılıb.
Əsgərlərdən Elşən Həsənov və Soltan Orucov Gəncədən qayıdarkən etiraf ediblər ki, mülki həyatda olduqları zaman sosial şəbəkələrdə yer alan əhəmiyyətsiz xəbərlər, dedi-qodular onları o qədər məşğul edib ki, doğrusu, onlar vətəndaşı olduqları ölkənin, mənsub olduqları xalqın tarixi, milli-mənəvi dəyərləri haqqında maraqlanmağa o qədər də vaxtları qalmayıb. Ancaq Gəncəyə bugünkü səfər onların həyatında yeni bir iz buraxacaq. Onlar söz veriblər ki, Vətən tarixini bundan sonra daha dərindən öyrənəcək, onu göz bəbəyi kimi qoruyacaq və ata-babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklər.

 

Ordu 2022-05-16 16:52:00

Video