×
A
A
A
Sazlamalar

Özbəkistanda ŞƏT nəqliyyat nazirlərinin doqquzuncu müşavirəsi keçirilib

Daşkənd, 14 may, АZƏRTAC
Özbəkistanın qədim Xivə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nəqliyyat nazirlərinin doqquzuncu müşavirəsi keçirilib.
AZƏRTAC Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə təşkilatın üzvü olan Çin, Rusiya, Pakistan, Hindistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nəqliyyat nazirliklərinin və komitələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə ŞƏT-nin üzvü olan dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni səmərəli nəqliyyat dəhlizlərinin yaradılması, bu ölkələr arasında nəqliyyat sahəsinin inkişaf etdirilməsi ilə bağlı xüsusi işçi qrupun yaradılması və digər məsələlər müzakirə olunub.
Tədbirdə üzv dövlətlər arasında hazırlanan çərçivə konsepsiyasının layihəsi, əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqədar bir sıra sənədlərin layihəsi də qəbul edilib.
Bildirilib ki, müşavirədə qəbul olunan sənədlərin ŞƏT Dövlət Başçıları Şurasının bu il sentyabrın 16-da Səmərqənddə keçiriləcək Zirvə görüşündə təsdiq olunacağı gözlənilir.
Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Nəqliyyat 2022-05-14 14:00:00