×
A
A
A
Sazlamalar

Qəbələnin otel və mehmanxanaları dörd ayda 20 mindən çox turistə xidmət göstərib

Qəbələ, 14 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 20 min 668 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 14 min 921 nəfəri və ya 72,2 faizi Azərbaycan, 5 min 747 nəfəri və ya 27,8 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
Bildirilib ki, yanvar-aprel aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1791 nəfər azalıb. Dörd ayda yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6569 nəfər və ya 69,4 faiz azalsa da, əcnəbi turistlərin sayında 4808 nəfər və ya 6,1 dəfə artım qeydə alınıb.
İdarə rəisinin sözlərinə görə, cari ilin yanvar-aprel aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Belə ki, ötən müddətdə bu ölkənin 1613 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, dörd ayda Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 1526, Rusiyadan 395, Hindistandan 339, Küveytdən 290, Türkiyədən 242, Pakistandan 138, Omandan 117, Qətərdən 87, Bəhreyndən 59, İrandan 47 nəfər turist gəlib. Gələnlərin 894 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

 

Regionlar 2022-05-14 11:42:00